Fuad Heydərov: “Vəfat edən işçinin vərəsəsinə verilən müavinətdən sosial sığorta haqqı tutulmur”

Fuad Heydərov: “Vəfat edən işçinin vərəsəsinə verilən müavinətdən sosial sığorta haqqı tutulmur”
14:00 09-04-2021 | icon 147

İşçinin vəfatı ilə əlaqədər əmək müqaviləsinə xitam verildikdə vəfat edən şəxsin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

milletinsesi.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı “Vəfat edən işçinin vərəsəsinə müəssisə tərəfindən hesablanan müavinətdən hansı tutulmalar aparıla bilər?” sualına cavab verərkən deyib.

O bildirib ki, bu, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsində öz əksini tapıb: “Sosial Sığorta haqqında qanunun 15-ci maddəsinə əsasən, bu müavinətdən sosial sığorta haqqı tutulmur. Eyni zamanda Əmək Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsində də işdənçıxma müavinəti və qanunvericiliyə uyğun olaraq vergi tutulmayan digər ödənclərin məbləğlərdən tutulmalara yol verilmir. Digər məsələlər isə Vergilər Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir”.

Bundan başqa, 2021-ci ilin birinci rübü ərzində Dövlət Əmək Müfəttişliyinə daxil olan 3 766 sayda vətəndaş şikayəti araşdırılaraq cavablandırılıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov bildirib ki, dövlət orqanlarından eləcə də digər idarə və təşkilatlardan daxil olan 1 640 məktub və 726 sayda əmək müqaviləsi bildirişi alt sisteminin fəaliyyəti ilə bağlı sorğular araşdırılaraq cavablandırılıb: “Eyni zamanda tərəfimizdən həmin sorğular əsasında işəgötürənlərə müvafiq texniki köməkliklər göstərilib. Bundan başqa Müfəttişlikdə onlayn şəkildə 416 vətəndaş qəbul edilib və şikayətləri dinlənilib. Müraciətlərdən araşdırma tələb edilənlər isə qeydiyyata alınıb və müvafiq araşdırmalar aparılıb.

Ümumiyyətlə daxil olan müraciətlər əsasında aparılan araşdırma zamanı 302 halda işə götürən tərəfin qanunvericiliyi pozduğuna dair faktlar aşkarlanıb və müvafiq qaydada onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar. Bu nöqsanların aradan qaldırılması üçün icrası məcbur olan göstərişlər verilib və icra prosesinə nəzarət həyata keçirilib”.

F.Heydərov onu da əlavə edib ki, bu tip müraciətlərin araşdırılması zamanı 46 minə yaxın ödənişin vətəndaşlara (əməkhaqları, gecikdirilmiş ödənişlər və s.) ödənilməsi təmin edilib.

Fuad Heydərov deyib ki, Məcburi Dövlət Sosial Sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedən vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi qaydası haqqında əsasnamə var. 

O bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən həmin əsasnamənin 116-cı maddəsinə görə, hamiləliyə və doğuşa görə müavinətlərdən heç bir ödəniş tutulmur: “Eyni zamanda Sosial Sığorta haqqında Azərbaycan Respublikasının qanununun 15-ci maddəsində də qeyd olunub ki, sığortanın vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətdən sosial sığorta haqqı tutulmur”.

F.Heydərov onu da əlavə edib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən asılı olmayaraq işçiyə son ödənişləri verilməlidir. Fuad Heydərov bildirib ki, kompensasiya məsələsi isə bəzi hallarda nəzərə alınır: “İşçinin çalışdığı müəssisə, ştat ləğv edildikdə, ixtisar olduğu təqdirdə əmək müqaviləsinə xitam verilirsə, bu halda işçiyə işdən çıxarılma müavinəti verilməlidir. İxtisarla bağlı müəssisədə həmin işçi ilə bağlanılan əmək müqaviləsinə müvafiq olaraq əvvəlcədən xəbərdarlıq olunmalıdır. Həmin xəbərdarlıq müddəti ərzində işçinin işdə saxlanılması təmin edilir və həftədə bir gün olmaqla işçiyə yeni iş tapması üçün istirahət günü verilməlidir.

Eyni zamanda işçi xəbərdarlıq müddəti əvəzinə kompensasiya almaq hüququna malikdir. İşçi xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinin bitirilməsinə razılıq verirsə, bu halda həmin müddətə müvafiq olaraq ödəniş edilir, hətta işdən çıxarılma müavinəti ödənilir”.




0.69757795333862