İlham Zəkiyev yeni layihədə özünü sınadı 

İlham Zəkiyev yeni layihədə özünü sınadı 
16:00 03-03-2021 | icon 91

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev istedadını başqa sahədə də sınamaq qərarına gəlib.

milletinsesi.info-ın xəbərinə görə, bu gün 41 yaşını qeyd edən İlham Zəkiyev Müşfiq Abbasovun prodüseri olduğu yeni layihənin aparıcısı olub. Bu barədə Zəkiyevin özü xəbəri təsdiqləyib:

“Müşfiq Abbasov bir dəfə məndən soruşdu ki, rus dili ilə aran necədir? Mən də rus dilində təhsilimi başa vurduğumdan, bu dildə danışmaqda problemimin olmadığını bildirdim. Müşfiq dedi ki, Qarabağ müharibəsi zamanı rusdilli kontingent üçün Azərbaycandan az video çəkildi. Ermənilərə bu baxımdan uduzduq. O, təklif etdi ki, bir qazi kimi Azərbaycanda yaşayan Qarabağ müharibəsi iştirakçısı olan ruslardan müsahibə götürüm. Mən də razılaşdım.

Eyni gündə üç belə şəxsdən müsahibə götürdüm. Müsahiblərimdən biri vaterpol millimizin sabiq məşqçisi Pyotr Kuvşinov idi. Bu şəxs ötən ilin yayında bir ailəni suda boğulmaqdan xilas edib. Digəri Mingəçevirdən olan Oleq adlı şəxs idi. Üçüncü şəxs də Qarabağda könüllü gedib döyüşənlərdən biri idi.

Layihənin əsas məqsədi rusdilli auditoriyaya Azərbaycanın necə tolerant ölkə olduğunu göstərmək və müharibə zamanı ölkəmiz adına burada yaşayan qeyri-azərbaycanlıların da döyüşdüyünü dünyaya çatdırmaqdır. Yəqin ki tezliklə həmin layihə hansısa kanalda efir üzü görəcək”.

 




0.68765616416931