Aleksey Naumov: “Azərbaycan heç vaxt özünə məxsus olan ərazilərini Ermənistana verməyəcək” 

Aleksey Naumov: “Azərbaycan heç vaxt özünə məxsus olan ərazilərini Ermənistana verməyəcək” 
15:42 16-02-2021 | icon 489

Bakıya və Azərbaycanın işğal altından azad olunan ərazilərinə səfər edən Rusiyanın “Kommersant” qəzetinin icmalçısı Aleksey Naumov səfərinin təəssüratlarına həsr edilmiş məqalə dərc edib.

Ekspert Ağdamdakı ortaq Monitorinq Mərkəzinin timsalında Rusiya-Türkiyə əməkdaşlığına da toxunub.

Material ölkəmizdə böyük marağa və müsbət reaksiyaya səbəb olub.

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” qəzetinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Media.Az-ın suallarını cavablandırıb.

- Siz məqalənizdə səfər təəssüratlarınızı çox ətraflı təsvir etmisiz. Ancaq bəlkə “pərdə arxasında” nə isə qalıb?

- Uzun müddət cəbhə bölgəsi sayılan əraziyə səyahətin əsas təəssüratlarından biri dağıntılar ilə bağlı dəhşətin on illərlə atəş və bombardmanın qorxusu il yaşamağa məcbur qalmış, lakin indi öz evlərinə qayıda bilmiş insanların sevincinin vəhdətidir.

Mən atəş izlərinin olduğu, gözəl evlərin zirzəmisində qurulan sığınacaqları, həyətlərdə qum torbalarını gördüm. Artıq zədələnmiş, dağılmış evlərin ətrafında yeniləri tikilir. Geri qaytarılan ərazilərdə yeni bir həyat başlayır. Bu, ürəkaçandır. Ölüm olan yerlərə yenidən həyat gəlir.

- Türkiyə ilə Rusiyanın Qarabağ məsələsindəki qarşılıqlı əlaqəsi haqqında nə düşünürsünüz? Çoxları bunun sadəcə mümkünsüz olduğunu hesab edirdilər, deyirdilər ki, Ankara və Moskva rəqibdirlər...

- Rusiya-Türkiyə əməkdaşlığı nəinki mümkündür, hətta arzuolunandır. Rusiya və Türkiyə maraqları üst-üstə düşən iki dövlətdir və haqqında çox danışılan çoxqütblü dünyanın bir hissəsidirlər. Əlbəttdə ki, dövlətlər arasında müəyyən ziddiyyətlərin olduğu aydındır. Moskvanın və Ankaranın Azərbaycandakı təması əməkdaşlığın yaxşı nümunəsidir. Həmişə bildirmişəm və indi də qeyd edirəm ki, Rusiya və Türkiyə bir-birinin qarşılıqlı maraqlarını qəbul edən müttəfiqdirlər. Reallıq göstərir ki, düşmən deyilik, əksinə çoxqütblü dünyanın möhkəm təməlləriyik.

- Azərbaycanın Qarabağın işğaldan azad edilməsi uğrunda müharibədə qalib gəldiyi bəlli olduqdan sonra, Ermənistan mətbuatında Rusiya ilə Türkiyə arasında qarşıdurmanın qaçılmazlığı ilə bağlı materiallar yayımlamağa başladı, hətta Türkiyə ilə Rusiyanın süqut edəcəyi və ya ən azından bu dövlətlərin zəifləyəcəyi iddia olunurdu (bu barədə məşhur erməni siyasətçi Jirayr Sefilyan da danışırdı). Siz Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzini ziyarət etdiniz, təəssüratlarınız nədir?

- Məndə belə bir təəssürat yarandı ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər daha da güclənir. Mən güman edirəm ki, Ermənistan hələ də hərbi məğlubiyyətinin acısını yaşayır. Bu, təəccüblü deyil. “Erməni ictimai ruhu” bununla barışa bilmir, buna görə də ipuçları axtarırlar, hesab edirlər ki, bu son deyil, Rusiya və Türkiyə tezliklə toqquşacaq və Ermənistan bəzi üstünlüklər qazanacaq. Bu, kollektiv psixoterapiyadır, hansı ki, adətən xəstənin sağalmasına xidmət etməlidir. Zəif psixoterapiya xəstənin getdikcə daha çox depressiya və dəlilik uçurumuna qərq olmasına gətirib çıxarır. Təəssüf ki, mən erməni ictimai rəyində zəif psixoterapiyanın əlamətlərini görürəm. Mənim nə isə məsləhət görməyim çətindir, mən Rusiya vətəndaşıyam, analitikəm. Ermənilərə nə etməli olduqlarını necə deyə bilərəm? Ermənstanda özləri vəziyyəti başa düşməlidirlər.

Ancaq aydındır ki, öz nöqteyi-nəzərinizi müdafiə etmək üçün hərbi və siyasi alət olmadığı zaman vəziyyətlə barışmalı və bundan sonra hara gedəcəyinizi düşünməlisiniz. Ermənistanın milli dirçəliş şansı var, lakin bunun üçün keçmişin kabuslarından əl çəkmək lazımdır. Azərbaycan heç vaxt Ermənistana aid olmayan torpaqları ona güzəştə getməyəcək. Bunu qəbul etmək, bu acı həbi udmaq lazımdır.

Sonuncusu sual isə artıq siyasi deyil. Bakıda şəkillərinizi gördüm. Ən çox nəyi bəyəndiniz?

Bilirsiniz, mən birinci dəfə deyil ki, Bakıdayam (gülür). Yəqin ki, beş dəfə sizin şəhərdə olmuşam. Mənim atam, bibim Bakıda böyüyüblər. Bakıdakı yer adlarına uşaqlıqdan bələdəm. Məsələn, Bayıl, hələ Bakıya gəlməmişdən əvvəl xəritədə araşdırmışdım. Azərbaycan paytaxtı məndə doğma şəhər təəssüratı yaradır. Mən Azərbaycan ruhunun təzahürünü Bakıda görürəm.