Nazir müavini: “Şamaxı, Göygöl, Ağstafada istismar edilən radiolokatorlar köhnəlib”

Nazir müavini: “Şamaxı, Göygöl, Ağstafada istismar edilən radiolokatorlar köhnəlib”
19:14 13-02-2021 | icon 746

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi üzrə mühüm proqramın realizə edilməsi çərçivəsində Şamaxı və Göygöldə radarların o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq. Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev AZƏRTAC-a müsahibəsində deyib. 

O bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi prosesi dövlət investisiya layihələri çərçivəsində aparılır: “Dövlət investisiya layihələri çərçivəsində bu proqramın ilkin mərhələsində yaradılmaqda olan inteqrə edilmiş milli erkən xəbərdarlıq sisteminin aparıcı bəndini təşkil edən iki yeni dopler meteoradar alınıb. Belə kompleks yanaşma Azərbaycanın iqtisadiyyatının havadan asılı sektorlarının və əhalisinin tələblərinə daha dəqiq cavab vermək imkanını təmin edəcək.

Hidrometeoroloji müşahidə şəbəkəsində 40 ildən artıq bir dövrdə Şamaxı, Göygöl, Ağstafa və Şəkidə istismar edilən MRL-5 tipli meteorololoji radiolokatorlar mənəvi və fiziki cəhətdən köhnəlib, bugünkü gün üçün onların texniki resursları tam tükənib. Qeyd etmək lazımdır ki, 1980-ci illərdə Qarabağ ərazisində - Füzuli, Zəngilan, Ağdərə və Xankəndində də MRL-5 tipli radiolokatorlar fəaliyyət göstərirdi.

MRL-5-lərin mənəvi cəhətdən köhnəlməsi, onların kütləvi istehsalolunma müddətindən (keçən əsrin 70-ci illərinin sonları) keçən zaman ərzində radiometeoroloji texnologiyaların çox irəli getməsi ilə izah olunur. Qütbləşdirilmiş emal metodlarının tətbiq edilməsi əldə olunan məlumatların siyahısını əhəmiyyətli dərəcədə artırır ki, bu da meteoroloji obyektlərin dinamik xüsusiyyətləri ilə bərabər, həm də mikrofiziki strukturunun xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Müasir dopler meteoradarları təhlükəli hava hadisələri barədə operativ radiometeoroloji məlumatların alınması üçün nəzərdə tutulub”.

Radarların istismara verilməsi üzrə işlərin nə zaman başa çatacağı ilə bağlı sualı isə nazir müavini belə cavablandırıb:

“Şamaxı və Göygöldə radarların, o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq. Hazırda bütün radarlar quraşdırılmış və indiki dövrdə əsas məsələ Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin işə salınmasıdır”.