“Morgan Stanley” bankında çalışan azərbaycanlı: “Zəfərimiz iqtisadiyyatımızın inkişafında yeni üfüqlər açır”

“Morgan Stanley” bankında çalışan azərbaycanlı: “Zəfərimiz iqtisadiyyatımızın inkişafında yeni üfüqlər açır”
15:07 10-02-2021 | icon 1323

“Morgan Stanley” Qlobal investisiya bankının Frankfurt ofisində Maliyyə likvidliyinə nəzarət üzrə Direktor vəzifəsinə təyin edilən azərbaycanlı Hüseyn Əliyevin Fins.az-a müsahibəni təqdim edirik:

- Hüseyn müəllim, özünüz barədə məlumat verərdiniz. Nə vaxtdan Almaniyada yaşayırsınız? Hansı ölkənin vətəndaşısınız?

- 1991-ci ildə Bakı şəhəri Bilgəh qəsəbəsində anadan olmuşam. 2009-cu ildə keçirilən qəbul imtahanında 646 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə daxil olmuşam və 2013-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişəm. Magistr təhsilimi isə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Nyukasl Universitetində “Beynəlxalq iqtisadiyyat və maliyyə” ixtisası üzrə almışam. Təhsilimi yekunlaşdırdıqdan sonra vətənə qayıdıb bank sektorunda xəzinədarlıq/maliyyə sahəsi üzrə çalışmağa başlamışam. Növbəti üç il ərzində isə beynəlxalq təcrübə əldə etmək məqsədi ilə Varşava şəhərində Goldman Sachs investisiya bankında Xəzinədarlıq/Risk departamentində komanda rəhbəri-baş mütəxəssis olaraq fəaliyyət göstərmişəm. Cari ilin fevral ayından etibarən digər qlobal investisiya bankı “Morgan Stanley”ın Frankfurt ofisində maliyyə likvidliyinə nəzarət üzrə Direktor vəzifəsində çalışmağa başlamışam. Azərbaycan Respublikasının vətəndaşıyam.

- Vəzifəyə təyin olunduğunuz bank haqqında məlumatları bölüşərdiniz. Necə oldu ki, sizin yolunuz oradan keçdi?

- Bildiyiniz kimi, Frankfurt şəhəri Avropa qitəsinin maliyyə mərkəzidir və müxtəlif maliyyə qurumlarının ofislərinə ev sahibliyi edir. Son zamanlarda Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi nəticəsində Frankfurt şəhərinin qlobal maliyyə dünyasında rolu artıb və bununla əlaqədar olaraq aparıcı banklar burada yerləşən ofislərini genişləndirməyə başlayıb. “Morgan Stanley” bankından iş təklifi alarkən bunun gələcək karyeram və təcrübəm üçün faydalı bir imkan kimi dəyərləndirdim.

- Avropadan baxanda Azərbaycan iqtisadiyyatı necə görünür? Perspektiv hiss olunur?

- Şübhəsizdir ki, Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsini neft-qaz məhsullarının ixracı təşkil edir və bu sahədən əldə olunan gəlirlər iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına, həmçinin insan kapitalına yönəldilir. Son illərdə aparılan iqtisadi islahatlar isə bu proseslərin daha yeni formaya keçməsinə imkan verib. Xüsusilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsindəki parlaq zəfərimiz iqtisadiyyatımızın inkişafında yeni üfüqlər açır. Əminəm ki, həm regional iqtisadi əlaqələrin inkişafı, həm də işğaldan azad olunmuş torpaqlarda mövcud olan təbii sərvətlərə çıxışımızın bərpa olunması qarşıdakı illərdə iqtisadi dayanıqlığımızı daha da möhkəmləndirəcək.

- Avropada bank sektorunda çalışmaq istəyən soydaşlarınıza məsləhətiniz nə olar?

- Fikrimcə, harada və hansı sahədə çalışmasından asılı olmayaraq hər bir fərd ilk növbədə öz peşəsinin mütəxəssisi olmağı qarşısına hədəf qoymalıdır. Bundan əlavə olaraq çalışdığı dövr ərzində maksimum dərəcədə yeni biliklərə yiyələnməli, özünə qaranlıq qalan məsələləri öz həmkarlarından və menecerindən öyrənməyə can atmalıdır. Eyni zamanda, bu xarici ölkələrdə çalışan soydaşlarımız üçün ölkəmizi layiqincə təmsil etmək imkanı deməkdir. Xüsusi olaraq bank sektorunda çalışmaq istəyən şəxslərə təhsil aldıqları ölkələrdə yerləşən bankların təklif etdiyi təcrübə proqramlarından faydalanmağı təklif edərdim. Bu təcrübə proqramları həm əmək fəaliyyətinə yeni başlayan tələbələrə praktiki bilik və bacarıqlar verməklə yanaşı, həm də onlara təcrübə proqramının sonunda uğurlu olduqları halda uzunmüddətli iş təklifləri almaqlarına şərait yaradır. Hazırda bir sıra Avropa ölkələrində, xüsusilə də Polşa, Macarıstan kimi ölkələrdə təhsil alan bir çox həmvətənlərimiz bu imkanlardan uğurla istifadə etməkdədir.

- Pandemiya ilə əlaqədar iqtisadi proqnozlarınız var? Varsa, bölüşərdiniz.

- Pandemiyanın dünya ölkələrinin iqtisadiyyatına vurduğu zərər göz qabağındadır. Beynəlxalq mütəxəssislərin proqnozlarına əsasən demək olar ki, dünya iqtisadiyyatının pandemiyadan öncəki səviyyəsinə qayıtması üçün ölkələrin cari vəziyyətindən asılı olaraq 1-3 il zaman tələb olunur. Vaksinlərin əldə olunması və tətbiqi ilə əlaqədar optimist gözləntilər formalaşsa da, peyvəndlənmə prosesinin əvvəldən proqnozlaşdırılan tempdən daha aşağı surətdə həyata keçirilməsi əvvəlki həyat tərzimizə 2021-ci ilin sonuna qədər geri dönməyimizi şübhə altına qoyur.