Komitə rəsmisi Elgün Səfərov: "Kişilərə qarşı zorakılıq hallarında artım var"

Komitə rəsmisi Elgün Səfərov: "Kişilərə qarşı zorakılıq hallarında artım var"
14:46 30-01-2021 | icon 2350

"Məişət zəminində zorakılığa məruz qalanlar arasında kişilər də olur. Bütün cəmiyyətlərdə kişilərin zorakılığa məruz qalması ilə bağlı faklar mövcuddur. Sadəcə cəmiyyətdə kişilər məişət zorakılığına məruz qaldığını səsləndirməkdən çəkinirlər. Burada söhbət təkcə qadının kişiyə zorakılıq törətməsindən getmir. Ailədə qardaş, ata-oğul, nəvə-baba münasibətləri də var. Məişət zorakılığı həm fiziki, həm də psixoloji olaraq törədilə bilər. Pandemiyaya qədər 14 faiz kişilərin məişət zorakılığına qalması ilə bağlı fakt var idisə, sonralar kişilərə qarşı zorakılıq hallarında artım müşahidə olunub".

MillətinSəsi.info xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “report.az”a müsahibəsi zamanı deyib.
Həmin müsahibəni təqdim edirik:

- Elgün müəllim, təmsil etdiyiniz qurum 2006-cı ildən fəaliyyət göstərir. İstərdik ki, bu müddət ərzində Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumat verəsiniz.

- Respublikada məişət zorakılığının qarşısının alınması ilə bağlı sistemin yaradılması və bu günə qədər təkmilləşdirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti danılmazdır. Xüsusilə də qeyri-hökumət təşkilatları üçün sığınacaqların yaradılmasında, məişət zorakılığı problemlərinin aradan qaldırılmasında, “Qaynar xətt”in yaradılmasında - Bilirsiniz, artıq ötən il BMT ilə birlikdə 860 nömrəli “Qaynar xətt” yaradılıb - mediasiya prosesinin həyata keçirilməsində komitənin böyük rolub olub. Eyni zamanda ailədə boşanmaların azaldılması, psixoloji gərginliyin aradan qaldırılması, uşaqların maarifləndirilməsi, cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülüb və bu işlər davam etdirilir. Bu müddət ərzində onminlərlə ailəyə psixoloji, sosial və hüquqi yardımlar göstərilib. Eyni zamanda ayrı-ayrı istiqamətlər üzrə qanunvericilik layihələrinin hazırlanmasında Dövlət Komitəsinin təklifləri də mühüm yer alıb. Ümumilikdə, deyə bilərəm ki, komitənin fəaliyyəti çoxşaxəlidir.

- Hazırda müharibədən sonra psixoloji yardımla bağlı işlər davam etdirilir. Komitənin bu istiqamətdə fəaliyyəti necədir?

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər dövlət qurumları ilə yanaşı müharibənin başladığı ilk gündən cəbhə xəttinə yaxın Tərtər rayonunda, Ağdamın bəzi kəndlərində, Gəncədə və digər şəhər və rayonlarda Ermənistan silahlı qüvvələrinin təxribatlarından zərər çəkən ailələrə psixoloji, sosial və hüquqi dəstəyin göstərilməsini həyata keçirib. Burada söhbət təkcə fiziki olaraq zərər çəkənlərdən getmir. Həm də bu dəstək erməni təcavüzündən mənəvi zərər çəkənlərə də şamil olunur və olunmalıdır.

- Sizin əməkdaşlar tərəfindən təxminən nə qədər şəxsə psixoloji dəstək göstərilib?

- Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri vasitəsilə cəbhə bölgəsində erməni təcavüzündən zərərçəkən - fiziki-psixoloji travma alaraq zorakılığa məruz qalan 700-dən çox vətəndaşa birbaşa dəstək göstərilib. Bizim tərəfimizdən həmin şəxslər risk qrupuna aid hesab edilir. Erməni terroru nəticəsində valideynlərini və ya ailə üzvlərindən ən azı birini itirmiş uşaqlar nəzarət altındadır və onlara mütəmadi olaraq dəstək göstərilir. Bu dəstək təkcə Vətən müharibəsində deyil, ondan əvvəllər də hər zaman göstərilib və indi də davam edir. Təkcə 1994-cü ildən 2020-ci ilin sentyabrınadək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 16 uşaq öldürülüb. Bu hadisələr snayperlər tərəfindən, içərisinə partlayıcı qurğu yerləşdirilmiş oyuncaqlar vasitəsilə və digər vasitələrlə törədilib. Komitə tərəfindən dəstək işləri mütəmadi olaraq aparılıb və bu istiqamətdə bizim kifayət qədər təcrübəmiz mövcuddur. Bizim əməkdaşlar həm Türkiyə məktəblərində və sistemli şəkildə təcrübələr qazanaraq hazırlanıb. Ona görə də bu istiqamətdə işlər davamlı olaraq bundan sonra da aparılacaq. Şəhid ailələrinə, qazilərə və onların ailələrinə, eləcə də münaqişənin birbaşa şahidi olanlara dəstək mütəmadi olaraq göstəriləcək. Çünki travmatik vəziyyətlər uşaqların gələcəyinə, təhsilinə, psixoloji və sosial inkişafına təsir göstərir. Bu səbəbdən uşaqların özünəqapanmasının qarşısının alınması, onlarla danışıqların aparılması, xüsusi oyunların tətbiq edilməsi vasitəsilə dəstək göstərilməsi vacibdir. Çünki uşaqlarla oynaya-oynaya qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. Məlumdur ki, uşaqlarla işləmək üçün psixoloji alətlər fərqlidir. Bu günə qədər bizim mərkəzlərdə bu fəaliyyət davam etdirilir. Bizim Göygöl, Ağdam mərkəzlərində bu fəaliyyət bu dəqiqələrdə də həyata keçirilir. Bununla bağlı mərkəzlərdə xüsusi otaqlar, şöbələr yaradılıb və məhz bu istiqamətdə işlər aparılır.

- Bəs psixoloji sarsıntısı olduğu halda dəstəkdən imtina edənlər olubmu?

- Müharibənin, silahlı hücumların şahidi olan uşaqlar, qadınlar və onların digər ailə üzvləri – yəni, dəstəyə ehtiyacı olanlar münaqişənin zərər çəkənləri hesab edilir. Çox təəsüflər olsun ki, bizim cəmiyyətdə psixoloji məsələlərə yanaşma fərqlidir. İnsanlar daha çox fikirləşir ki, psixoloji problem bizdə ola bilməz, biz ondan yan keçə bilərik və s. Bu da düzgün yanaşma deyil. Çünki şüuraltı olaraq qanlı hadisələrin, onların əks olunduğu fotoların yaddan çıxarılması mümkünsüzdür. Buna görə də həmin şəxslərlə mütəmadi olaraq iş aparılmalıdır.

- Elgün müəllim, əvvəlki dövrlərlə müqayisədə pandemiya dövründə məişət zorakılığı hallarında artım, ya azalma müşahidə olunubmu?

- Çox təəssüflər olsun ki, cəmiyyətdə məişət zorakılığı hadisələrinin düzgün qiymətləndirilməsi aparılmır. Heç kim deyə bilməz ki, bu gün hansısa ölkədə məişət zəminində zorakılıq hadisəsi yoxdur. Çünki bu cür hallar bütün ölkələrdə yaşanır. Bizə daxil olan müraciətlərə əsasən, biz pandemiya dövründə daha çox psixoloji dəstəyin göstərilməsi işlərini davam etdiririk. Təbii ki, məişət zorakılığı halları pandemiya dövründə dərinləşib. Buna görə də, 2018-2019-cu illərə nisbətən Azərbaycanda məişət zorakılığı hallarının sayında 5-10 faiz artım müşahidə olunur. Amma bununla yanaşı Azərbaycanda olan bu göstərici digər ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdədir. Misal üçün, Fransada 35 faiz, Sinqapurda 31 faiz, ABŞ-da ştatdan-ştata fərqli olaraq 25-45 faiz artım müşahidə olunub. Çünki pandemiya dünyada məişət zorakılığının artmasına səbəb olub. Bizim COVID-19-un məişət zorakılığına təsirləri barədə araşdırmamız var. Araşdırma zamanı kişi respondentlərin 31 faizi pandemiya dövründə ailəsinə daha çox diqqət ayırdığına başladığını bildirib. Beləliklə, müsbət tendensiyalar da müşahidə olunur. Təbii ki, mənfi elementlər də var və biz məişət zorakılığı problemlərinin dərinləşməsinin şahidiyik.

- Məişət zorakılığının sonu isə daha xoşagəlməz hallarla nəticələnir...

- Əlbəttə, tamamilə doğrudur. Bəzi ailələrdə sonsuzluq, narkotik və alkoqol aludəçilikləri olduğu halda bunu dilə gətirmək, danışmaq və müraciət etmək istəmirlər. Ona görə də biz bu sahədə preventiv mexanizmlər üzərində işləyib hazırlayırıq. Hazırda bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Məişət zorakılığı boşanmaya gətirib çıxaran səbəblərdən biridir. Bu səbəbdən də bu istiqamətdə görülən qabaqlayıcı tədbirlərin daha daha effektivliyi üçün mexanizmlər təkmilləşdirilir. Azərbaycanda hazırda qeyri-hökumət təşkilatları tərəfindən 10 sığınacaq mərkəzi fəaliyyət göstərir.

- Bəs erkən nikah hallarının sayı azalıb, yoxsa artım var?

- Sevindiricidir ki, Azərbaycanda erkən nikah və uşaq nikahları hallarının sayı son illər ciddi şəkildə azalıb. Misal üçün, 2010-2013-cü illərdə erkən nikah hallarının sayı, təxminən, 3500-4000 civarında idisə, son illər bu rəqəm 300-350-yə düşüb. Bu da 10 dəfə azalma deməkdir. Amma bu o demək deyil ki, erkən nikah və uşaq evliliklərinə qarşı daha heç bir tədbirlər görülməyəcək. Düşünürəm ki, bu azalmalar görülən işlərin, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Ona görə də uşaq nikahlarının tamamilə aradan qaldırılması, məişət zorakılığının və selektiv abortların qarşısının alınması üçün işlər davamlı olaraq aparılmalıdır. Bilirsiniz, elə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” və Milli Fəaliyyət Planının əsas istiqamətləri də uşaqların sosial, mədəni, iqtisadi, hüquqi və innovasiya sahəsində inkişafının təmin edilməsidir. Ona görə də, uşaq strategiyası bizim üçün əsas istiqamətlərdən biridir.

- Adətən həmişə məişət zorakılığına məruz qalanlar qadınlar olur. Bəs kişilərin məişət zorakılığına məruz qalması hallarına rast gəlinirmi?

- Əlbəttə, var. Məişət zəminində zorakılığa məruz qalanlar arasında kişilər də olur. Bütün cəmiyyətlərdə kişilərin zorakılığa məruz qalması ilə bağlı faklar mövcuddur. Sadəcə cəmiyyətdə kişilər məişət zorakılığına məruz qaldığını səsləndirməkdən çəkinirlər. Burada söhbət təkcə qadının kişiyə zorakılıq törətməsindən getmir. Ailədə qardaş, ata-oğul, nəvə-baba münasibətləri də var. Məişət zorakılığı həm fiziki, həm də psixoloji olaraq törədilə bilər. Pandemiyaya qədər 14 faiz kişilərin məişət zorakılığına qalması ilə bağlı fakt var idisə, sonralar kişilərə qarşı zorakılıq hallarında artım müşahidə olunub.

- Sizin fikrinizcə, cəmiyyətin məişət zorakılığına münasibəti necədir?

- Birmənalı olaraq, cəmiyyətdə “məişət zorakılığına yox” deyilməlidir və zorakılığa qarşı mübarizə aparılmalıdır. Mübarizə vətəndaşlar tərəfindən də davam etdirilməlidir. Vətəndaş özünün, qohumunun, qonşusunun və ya tanıdığı şəxslərin zorakılığa məruz qalması ilə faktı bizə bildirməli və buna laqeyd yanaşmamalıdır. Əksər hallarda bu cür hadisə ilə rastlaşanlar bizə müraciət etmək istəmirlər. Ona görə də xahiş edirəm ki, bizim “Qaynar xətt”ə müraciət etsinlər. Bu məsələyə laqeyd yanaşmaq olmaz, çünki biz hamımız cəmiyyətin bir parçasıyıq. Biz bu gün bir qadın vətəndaşın qəddarcasına öldürülməsinin, başqa bir qadının intihar etməsinin şahidiyik. Ona görə də bu hallarının baş verməməsi üçün siqnallar vaxtında dövlət qurumlarına çatdırılmalı, vətəndaşlar da buna həssas yanaşmalıdır. Əks halda, belə faciələr, xoşagəlməz hallar baş verir. Bizim araşdırmalarımıza və apardığımız sorğuya görə, artıq kişilərin 15-20 faizi zorakılığı törətməkdən qaçır və boşanmaya hazır olduğunu bildiriblər.

- Yeri gəlmişkən, boşanmaların əsas səbəbi nədir?

- Boşanmaların əsas səbəbi məişət zəminində zorakılıq hallarıdır. Baxmayaraq ki, boşanan cütlüklər ayrılmalarının səbəbini guya xasiyyətlərinin üst-üstə düşmədiyi ilə əlaqələndirirlər. Bu cür əsaslandırma halları təxminən, il ərzində 7000-7500 arasında dəyişir. Amma bunların əksəriyyəti əsl həqiqəti - məişət zəminində zorakılığı gizlədirlər. Boşanmaların digər səbəbi sonsuzluq problemidir. İl ərzində sonsuzluq səbəbindən boşanma halları ilə bağlı təxminən, 1000-1200 hala rast gəlinir. Digər səbəb isə alkoqol, narkotik asılılığıdır. Bundan əlavə, ailə modeli haqqında deyə bilərəm ki, ailə qurmazdan əvvəl nişan müddəti olur və bu müddət ərzində gənclər bir-birini tanıyır, xasiyyətlərinə bələd olurlar.

- Bəs, hər hansı bir şəxsin müraciətindən sonra Dövlət Komitəsinin boşanma halının qarşısını aldığı ilə bağlı fakt olubmu?

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hallarla rastlaşan hər kəsə dəstək göstərir. Deyə bilərəm ki, biz minlərlə boşanma halının qarşısını almışıq və preventiv mexanizmlər həyata keçirilib. Təbii ki, bu proses məcburi şəkildə həyata keçirilməyib. Hazırda Dövlət Komitəsi tərəfindən “Ailə strategiyası”, “Uşaq məcəlləsi” və “Gender kurrikulumu” layihəsi hazırlanır.

- Artıq uzun illər işğal altında olan torpaqlarımız azad edilib. Komitənin Qarabağda regional mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulurmu?

- Bilirsiniz, bizim hazırda 11 regionda mərkəzimiz fəaliyyət göstərir. Bununla yanaşı, Füzuli, Ağcabədi və digər regionlarda icma əsaslı mərkəzlərin açılması planlaşdırılır.