Hikmət Hacıyev Naxçıvan-Mehri kommunikasiya xəttindən danışdı

Hikmət Hacıyev Naxçıvan-Mehri kommunikasiya xəttindən danışdı
16:08 27-01-2021 | icon 291

“Naxçıvandan Mehriyə kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə ediləcək. Bununla Ermənistan tranzit ölkəyə çevrilə bilər”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə və regionumuzda hələ də kövrək olan sülhün davamlı sülhə köçürülməsi prosesində aktiv şəkildə iştirak edəcək”.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin birgə işbirliyi Gürcüstanın inkişafına çox böyük töhfələr verib: “Qardaş gürcü xalqı da bunu çox böyük qiymətləndirir. Hesab edirəm ki, bizim Türkiyə ilə birlikdə media və diaspor sahəsində birgə görəcəyimiz işlər vardır. Qarşıdan gələn dövrlər ərzində də biz bu sahələrlə bağlı fəaliyyətimizi artırmalıyıq”. 

H.Hacıyev həmçinin deyib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib.

"Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və bütün regionun geniş bir mənada geosiyasətinin dəyişdirilərək əməkdaşlığa və işbirliyinə doğru inkişaf etdirilməsidir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

H. Hacyev 2018-ci ildə Azərbaycanda keçirilən hərbi paradın çox böyük əhəmiyyəti olduğunu bildirib: “100 il öncə qardaş Türkiyənin dəstəyi ilə Bakı azad edilmişdi”.

Prezidentin köməkçisi qeyd edib ki, 100 il sonra bu hadisəni bir daha təkrarlanıb: “Bu, sıradan hərbi parad deyildi. Bu, bizim ölkələrimizin birliyinin təcəssümü idi. 2020-ci ilin iyununda erməni təxribatlarına qardaş Türkiyə yetkililərinin bizə verdiyi dəstək də regionda yürüdülən siyasətə təsir etdi. Eyni zamanda hər bir türk vətəndaşının Azərbaycanın yanında olması bizi qürurlandırdı. Nəticədə, illərdir davam edən işğaldan azad olduq”.