Şəhid anası: “Hər səhər onu səsləyirəm, deyirəm ki, ay Sübhan, soyuqdur axı, evə gəl” - VİDEO

Şəhid anası: “Hər səhər onu səsləyirəm, deyirəm ki, ay Sübhan, soyuqdur axı, evə gəl” - VİDEO
17:14 27-01-2021 | icon 131

22 yaşlı snayper Sübhan Əbilzadə Vətən müharibəsinin qəhrəman şəhidlərindəndir.

Onu bir ana dünyaya gətirib, digəri böyüdüb... Şəhidimiz onu böyüdən iki anadan imtina edərək, özünü üçüncü Anaya - Vətənə qurban verib. 

“Qafqazinfo” Biləsuvar rayonunun Nərimankənd kəndindən olan, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif edilən şəhid Sübhan Əbilzadənin ailəsindən reportaj hazırlayıb.

Atası Arif Əbilov deyir ki, oğlu Sübhan ilk gündən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlində Füzuli uğrunda döyüşlərdə kürəyindən və baldırından qəlpə yaraları alıb. Xəstəxanada müalicə olunandan sonra anası ondan daha getməməsini istəsə də, “Ana, mənim komandirim yaralanıb, mən burada qala bilmərəm” deyərək, yenidən döyüşə, döyüşçü yoldaşlarının yanına yollanıb.

Noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə yüksəkliyi ələ keçirərkən boğazından aldığı minaatan qəlpəsi şah damarını kəsib və uğrunda döyüşdüyü zirvənin alınmasının şahidi olmasa da, şəhidlik zirvəsinə yüksəlib. Nişanlı olan, toyuna hazırlaşan S.Əbilzadə kənd qəbiristanlığında dəfn edilib.

Söhbət əsnasında məlum olur ki, S.Əbilzadənin yeganə qardaşı Əlizamin Əbilov müharibə başlamadan bir neçə ay öncə həbs edilib. 

Şəhidi böyüdüb boya-başa çatdıran anası Gülarə Ağayeva əvvəlkitək səhərlər evin aynabəndinə çıxaraq, asta səslə Sübhanı çağırır:

“Əvvəl səhərlər ev işlərini görərkən Sübhanı çağırırdım, gəlirdi. İndi də səsləyirəm, deyirəm ki, ay Sübhan, soyuqdur axı, bala, evə gəl. Amma Sübhan yoxdur. Nə qədər ki, onun başdaşına şəkli vurulmamışdı, elə bilirdim ki, Sübhan qayıdacaq. Məzarı üstündə şəklini görəndən sonra bildim ki, daha Sübhan gəlməyəcək.

Sübhanın bioloji anası Gülsabah Əbilova deyir ki, övlad onun olsa da, Sübhanı böyüdən, onun nazını çəkən anası Gülarə xanım olub:

“Anası hər şeyi danışdı, mən daha nə deyim? Arzusu bu idi ki, nişanlısı ilə anasını Şuşaya aparsın. Uşağım şəhid olandan iki gün sonra qələbə çalındı”.