2020-ci ildə Bakıda qeydə alınan avtomobil qəzalarında ölənlərin sayı açıqlandı 

2020-ci ildə Bakıda qeydə alınan avtomobil qəzalarında ölənlərin sayı açıqlandı 
09:28 22-01-2021 | icon 89

2020-ci ildə Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 169 nəfər ölüb, 387 nəfər isə yaralanıb. Bu barədə milletinsesi.info-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, 2019-cu il il müqayisədə hadisələrin sayı 109 fakt və ya 19,2 faiz azalıb: “Eyni zamanda yol qəzaları zamanı qeydə alınan ölümlərin sayı 17 nəfər (9,1 %), xəsarət alanların sayı isə 131 nəfər (25,3 %) azalıb. Bu da yol polisi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir”.

“Yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb daha çox manevr qaydalarının pozulmasıdır. Belə ki, qəzaların 167-sini (36,3 %) manevr qaydalarının pozulması, 125-ni (27,2%) sürət həddinin aşılması,56-nı ( 12,2 %) ara məsafəsinin pozulması, 34-nü (7,4 %)  yol ayrıcını keçmə qaydalarının pozulması, 16-nı (3,5 %) piyada keçidində keçmə qaydalarının pozulması faktları təşkil edib. Ötən il qeydə alınan yol-nəqliyyat hadisələrinin 57,8 %-ni (266 fakt) piyadaların vurulması təşkil edib."

O bildirib ki, həmin qəzaların nəticəsində 106 nəfər (62,7 %) həlak olub, 169 nəfər (43,7 %) müxtəlif dərəcəli xəsarət alıb: “Hadisələrin növünə görə analiz göstərir ki, qəzaların əksəriyyəti piyadaların nəqliyyat vasitəsi ilə vurulmasıdır. Bu da xidmət etdiyim İdarə və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Yol polisi bununla bağlı müxtəlif qabaqlayıcı tədbirləri davam etdirir. Növbəti illərdə hadisələrin sayının daha da azalması istiqamətində qabaqlayıcı tədbirlər davam etdiriləcək”.

V.Əsədov 2020-ci ildə avtobusların iştirakı ilə baş verən qəzaların statistikasına da toxunub. Onun sözlərinə görə, avtobus sürücülərinin iştirakı ilə 26 yol-nəqliyyat hadisəsi baş verib: “Həmin qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 2019-cu il ilə müqayisədə avtobus sürücülərinin iştirakı ilə baş vermiş qəzalarda 7 hadisə, 1 ölüm, 10 xəsarət sayı azalıb”.

Vaqif Əsədov onu da əlavə edib ki, bütün göstəricilər üzrə azalma müşahidə olunub: “Bunun əsas səbəbi yol polisi tərəfindən aparılan təbliğatın, qabaqlayıcı və məqsədli keçirilən tədbirlərin, yol polisi rəhbərliyinin ciddi nəzarətinin nəticəsidir.”