Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək

Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək
18:07 18-01-2021 | icon 77

20 Yanvar faciəsinin 31-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Onu da qeyd edək ki, Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. 

Hər il olduğu kimi bu il də xalqımız şəhidlərini unutmur və onların xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanını ziyarət edirlər.

Azərbaycan xalqının faciəsi olan 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il ötür. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub.

Şəhidlər Xiyabanı yenə qərənfillərlə bəzədilib. Məktəblilər, cavanlar, qocalar, hər kəs bir nəfər kimi hələ bəzədilməkdə olan şəhidlərimizin məzarını ziyarət edərək ora gül dəstələri qoyublar. 

Xiyabanda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Allah şəhidlərimizə rəhmət eləsin!