Əlcəzair Amaziq Yeni ilini qeyd edir

Əlcəzair Amaziq Yeni ilini qeyd edir
23:21 10-01-2021 | icon 98

Əlcəzair bu çərşənbə axşamı Yennayer adlanan Amaziq Yeni ilinin başlanğıcını qeyd edəcək.

Əlcəzairin Azərbaycandakı Səfirliyindən bildirilib ki, bu bayram hər il Qriqori təqvimi ilə 12 yanvara təsadüf edir. Bərbər kralı I Şeşonqun (bərbər dilində Şaşnaq) zəfəri və eramızdan əvvəl 950-ci ildə qədim Misir fironu kimi taxta çıxması münasibətilə qeyd olunan bayram 2021-ci ildə Yennayer 2971 adlanır.

Aqrar təqvimə əsaslanan Amaziq Yeni ili əsasən məhsuldar və bol mövsümün başlanğıcını xəbər vermək üçün qeyd olunur. Şənliklər ölkənin hər bölgəsinə xas olan adət və ənənələrini əhatə etsə də, bayram mərasimlərinin rəmzi ortaq olaraq qalır və yeni il məmnunluq, sevinc və dostluqla, karnavallar, paradlar, mahnılar və ziyafət yeməkləri ilə qarşılanır.

2018-ci ildən bəri milli bayram elan edilən Yennayerin dövlət orqanları tərəfindən qeyd edilməsi Əlcəzair xalqının müxtəlifliyi və azadlığı, qüruru və ləyaqəti ilə təcəssüm olunan min illik Amaziq komponentinin təsdiqidir.

Bu il, Bərbər dili və mədəniyyətinin təbliği üzrə dövlət qurumu olan “Amazighity High Commission” tərəfindən 9-12 yanvar 2021-ci il tarixlərində Yennayer 2971-in milli və rəsmi şənliklərini qarşılamaq üçün Batna vilayəti təyin edilib.

Ötən il Azərbaycanda yaşayan Əlcəzair icması ilə birlikdə Bərbər Yeni ilini təşkil edərək Yennayer mərasimini qeyd edən Əlcəzairin Bakıdakı Səfirliyi bu il COVID-19 pandemiyası səbəbindən sanitar-epidemoloji vəziyyətlə bağlı, birlik və barışıq tədbirinin təşkilini təxirə salmalı olub.