Allahşükür Paşazadə: “Bu gün şəhidlərimizin ruhuna birlikdə dualar edirik”

Allahşükür Paşazadə: “Bu gün şəhidlərimizin ruhuna birlikdə dualar edirik”
14:21 04-12-2020 | icon 9734

“Allah, Vətən yolunda şəhid olanlar Ulu Tanrının yanında ən yüksək məqamdadırlar”. AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdən sonra bildirib.

Şeyxülislam vurğulayıb ki, xalqımız İlham Əliyev kimi Prezidenti olduğuna görə Allaha dua edir.

“Həm Birinci Vətən müharibəsi, həm də İkinci Vətən müharibəsi dövründə şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin! Bu gün sünni və şiə məzhəbindən olanlar şəhidlərimizin ruhuna birlikdə dualar edirlər”, - deyə Allahşükür Paşazadə qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir, onların ruhlarına dualar oxunur: “Bunun üçün Türkiyə rərhbərliyinə və Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaşa minnətdarlığımı bildirirəm.

Bizim iranlı qardaşlarımız da şəhidlərimiz üçün dualar oxuyurlar. Onlara da təşəkkürümü bildirirəm”, - Allahşükür Paşazadə əlavə edib.

Onu da qeyd edək ki, dekabrın 4-də Təzəpir məscidində Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Şəhidlərin ruhuna dualar oxunub, namaz qılınıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında bu gün Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin dərin ehtiramla yad edildiyini bildirib. 

O deyib ki, 30 il idi torpaqlarımız işğal altında idi. Azad edilmiş ərazilərimizdəki məscidlər bərpa ediləcək, həmin məscidlərdən azan səsləri eşidiləcək.

Bu gün bir çox məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərimizin xatirəsi yad edilir. Müqəddəs Quranın buyurduğu kimi, şəhidlər ölməzdir.