Pandemiya dövründə məhkəmə fəaliyyəti müzakirə olunub

Pandemiya dövründə məhkəmə fəaliyyəti müzakirə olunub
14:00 01-12-2020 | icon 14330

30 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi və “CEELI Institute”-nun birgə təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin “Pandemiya dövründə məhkəmə fəaliyyətinin idarə edilməsi” mövzusunda videoformatda konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd pandemiya dövründə məhkəmələrin xüsusi rejim şəraitində fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli və müasir informasiya texnologiya və innovasiyaların tətbiqi barədə təcrübələri paylaşmaq olub.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığını və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etdiyini, bunun nəticəsində bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Ramiz Rzayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən işlər barədə, məhkəmələrdə pandemiyaya qarşı zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi haqda konfrans iştirakçılarına məlumat verib.

Eləcə də, konfransda müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin gücləndirilməsi prosesi, məhkəmə müstəqilliyi və şəffaflığı və ədalət mühakiməsinə əlçatanlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müzakirə olunan mövzularla bağlı diskussiyalarda iştirak edərək ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə məhkəmə-hüquq sistemində həyata keçirilən fundamental islahatlar barədə danışıb, eləcə də, COVID-19 qlobal pandemiyasının qanunun aliliyinə və ədalət mühakiməsinə təsirini, pandemiya dövründə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən görülən tədbirləri, xüsusi rejim şəraitində məhkəmələrin fəaliyyətinin təşkilini və vətəndaşların məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqini iştirakçıların diqqətinə çatdırıb.

Konfransda Mərkəzi və Şərqi Avropa Ali Məhkəmə sədrləri pandemiya şəraitində öz ölkələrində məhkəmələrin üzləşdiyi problemlər, onların həlli və məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə tətbiq olunan müasir informasiya texnologiya və innovasiyalar haqda çıxış edib.

Faydalı fikir mübadiləsi zamanı COVID-19 qlobal pandemiyası dövründə əldə olunmuş Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilib.

1606816804.5839