Qubad İbadoğlu: "Azərbaycanın gələcəyini daha çox Avro-Atlantika məkanına inteqrasiyada görürəm"

Qubad İbadoğlu: "Azərbaycanın gələcəyini daha çox Avro-Atlantika məkanına inteqrasiyada görürəm"
18:26 25-11-2020 | icon 1559

“Təhsil Araşdırmalar Mərkəzi”nin aktual suallarını iqtisadçı-alim Qubad Ibadoğlu cavablandırıb.

Əvvəlcə, xoş gördük, Qubad bəy. “Təhsil Araşdırmalar Mərkəzi” olaraq, “Müharibə və yeni dövr” paraqrafında olan yayınlarımız çərçivəsində ekspertlərlə müsahibələr aparır və onların fikirlərini alırıq.  İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı iqtisadi-sosial və həmçinin siyasi-qlobal aspektdə sizin düşüncələrinizi almaq istəyirik.

-Birinci sualımız, ümumi olacaq: Qubad bəy, cəmiyyətimizdə yetərincə nüfuz sahibi olan bir şəxssiz, iqtisadçı-alimsiz. Hazırda, ABŞ-da universitetdə çalışırsız. Maraqlıdır, okeanın o tayından Azərbaycan necə görünür? Ümumiyyətlə ölkəmizə dair ABŞ-da düşüncələr, elmi qurumların, alimlərin, həmçinin siyasilərin baxışları necədir?

-Azərbaycanlı bağlı vəziyyəti izləyən yalnız xüsusi institutlar idi. Və Azərbaycan əleyhinə müharibə faktorundan istifadə etmək istəyən erməni lobbisinin nümayəndələri idi. Erməni lobbisi həm nümayəndələr palatası, həm də Senat səviyyəsində namizədlərlə işlədi, onları Azərbaycan və Türkiyə əleyhinə qətnamələrin qəbulu üçün səfərbər edə bilsələr də, ciddi nəticəyə çata bilmədilər. Azərbaycanlılar da burda kifayət qədər səfərbər olublar və fəallaşıblar. Nümayəndələr palatasının, Senatorların məlumatlandırılması üçün ciddi işlər aparırlar.

Ümumilikdə bu dövrdə Azərbaycana və bölgəyə ABŞ-ın diqqəti cəlb olundu, lakin bu, bir az təhrif olunmuş şəkildə, Ermənistanın maraqlarına daha uyğun formada oldu.

Görünən odur ki, biz daha çox işləməli, daha çox çalışmalı, bu istiqamətdə işlər fasiləsiz olmalıdır ki, ABŞ-dan Azərbaycan olduğu kimi görünsün. 

-Qubad bəy, vətən savaşı müddətində yetərincə aktiv olaraq cəmiyyətlə təmasda oldunuz, feysbukda mütəmadi düşüncələrinizi bölüşdünüz. Və təkcə iqtisadi-sosial sahədə deyil, ictimai-siyasi sahədə də peşəkar olduğunuz göründü. Odur ki, müharibə və onun nəticələrinə dair iqtisadi-sosial yanaşmadan daha əvvəl, ümumi bir yanaşmanız düşünürük ki, cəmiyyət üçün lazımlı və maraqlı olacaq. Sizcə, bu müharibə niyə baş verdi və bu savaşda xalqımızın və ordumuzun qalib gəlməsini şərtləndirən əsas faktorlar hansılardır?

 -Müharibə labüd idi və cəmiyyətdən gözlənti var idi. İyul ayında baş verən “Tovuz döyüşləri”, həmçinin general səviyyəsində itkilərimiz cəmiyyətdə böyük hiddət doğurmuşdu və insanlar yürüş keçirdilər. Sonra səfərbərlik başladı, insanlar özlərini qeydiyyata saldırdılar, müharibədə iştiraka hazır olduğunu bildirdilər. Türkiyənin öz hərbçilərini Azərbaycana göndərməsi və birgə təlimlər onu göstərirdi ki, müharibəyə hazırlıq gedir, Qarabağ savaşı qaçılmazdır.

Bu müharibədə ən böyük uğurumuz xalqın vəhdəti idi. “Hər kəs vətən üçün, hər kəs cəbhə üçün” prinsipi işə düşdü, bu, çox önəmli idi. Xalq-hakimiyyət, xalq-ordu birliyi müharibədəki uğurumuzun əsas faktorlarından biri idi. Bu, birinci amildir.

Digər faktor isə Türkiyə başda olmaqla İsrail və digər ölkələrlə olan əlaqələrimiz, hərbi əməkdaşlıq və müasir silahların müharibəyə cəlb olunmasıdır. Türkiyə, İsrail silahları və dronları itkilərimizin az olmasına, qarşı tərəfin hərbi obyektlərinin və zirehli texnikasının dəqiqliklə sıradan çıxarılmasına səbəb oldu.

Bu müharibə də göstərdi ki, həqiqətən yüksək texnoloji vasitələr daha yaxşı effekt verir və bu, bu vasitələrə sahib, düzgün strategiya və taktika yeridən ordunun qələbəsinin əsas şərtinə çevrilir. Ermənistandan fərqli olaraq hərbi arsenalımız diversifikasiya olunmuş şəkildə idi, təkcə Rusiya mənbəyi ilə kifayətlənilmirdi.

Qələbəmizdə üçüncü faktor kimi isə siyasi iradə, ölkə rəhbərliyinin mövqeyi və informasiya sahəsindəki siyasəti rol oynadı. Məhz bu siyasi iradə müəyyən müddətdə həm də döyüş əzminin artırılmasına, əhval-ruhiyyənin artırılmasına xidmət edirdi. Və bu baxımdan da, hesab edirəm ki, qısa müddətə qarşı tərəf üzərində böyük qələbələrə imza ata bildik, Azərbaycan ordusu da tarix yazdı. 

-Necə düşünürsünüz, ikinci Qarabağ savaşının ən mühüm nəticələri nələr olacaq və bundan sonrakı proseslər necə cərəyan edəcək? 

-İkinci Qarabağ müharibəsinin ən mühüm nəticələrindən biri bundan ibarətdir ki, torpaqlarımızın böyük bir hissəsi azad olundu və onun əksər hissəsi şəhidlərimizin qanı, canı bahasına başa gəldi. Bir hissəsi də, məlumdur ki, atəşkəs müqaviləsinə əsasən boşaldılması qərara alınıb. Yekunda, məcburi köçkünlərin öz yurdlarına qayıda bilməsi ən böyük nəticədir.

İkinci nəticə olaraq onu qeyd etmək istəyirəm ki, biz qələbəni daddıq və zəfər sevincini yaşadıq; uzun müddətdir ki, içimizdə olan qürur qırıqlığı, özünəinamın itməsi bərpa olundu. Biz gördük ki, xalq olaraq qadir olduğumuz böyük şeylər var və onlardan biri də məhz indiyəqədər əlçatmaz olan, xəyal kimi gələn-torpaqlarımızın, xüsusən də Şuşanın azad olunmasıdır.

Və təbii ki, sonrakı gün imzalanan atəşkəs müqaviləsi bəzilərini, o cümlədən məni narahat etdi. Mən də arzulamazdım ki, Azərbaycan torpaqlarında rus qoşunları hər hansı bir missiya ilə (fərqi yoxdur, sülhməramlı ya da işğalçı) mövcud olsun. Amma, istənilən halda bu, mənfi də olsa, bir nəticədir. Lakin, qeyd eləmək istəyirəm ki, bizim uduşlarımız daha çoxdur. Çünki bunun müqabilində bayaq qeyd etdiyim 2 faktor daha önəmlidir. Əskərlərimizin döyüş bacarığı və cəsarəti və bunun fonunda xalqımızın özünə inamı vacib amillərdir.

-Azərbaycanı bu müharibədən sonra iqtisadi olaraq nələr gözləyir? Xüsusən də, təmizlənən ərazilərdə köklü yenidənqurma və bərpa işlərinin olacağını və bunu üçün milyardlarla vəsait lazım olduğunu nəzərə alanda ölkəmizin büdcəsinin və imkanlarının buna yetəcəyini düşünürsüzmü? Nələr edilməlidir ki, Azərbaycan bu işin öhdəsindən gələ bilsin?

-Bizim büdcə təbii ki, bu xərcləri 1 il ərzində ödəmək imkanına malik deyil və bu işlər də 1 il ərzində başlayıb tamamlanası işlər deyil. İşğaldan azad olunan ərazilərdə infrastrukturun qurulması, yaşayışın bərpası və yenidənqurma işlərinin aparılması yəqin ki, illərlə çəkər və 3 il ərzində-bu il, gələn il və növbəti il üçün bu xərcləri ödəmək imkanındadır. Düzdür, xərclər təkcə bərpa yönümlü olmayacaq, çünki müharibə başa çatsa da, mənfur düşmənimizin öz iddialarından geri çəkilməməsi, Rusiyanın bölgəyə dominantlığının daha da gücləndirməsi Azərbaycanı bundan sonra da hərbi xərclərə vəsait ayrımağa məcbur edəcək və biz məcburuq ki, müəyyən vəsaiti həm də itirilən hərbi texnikanın, resursların bərpasına yönəldək. 

Bundan əlavə sosial baxımdan da, bizim ehtiyaclarımız çoxalıbdır. Şəhidlərimizin ailəsinə dövlət qayğısı artırılmalıdır, yaralılarımızın sağlamlığına, sosial müdafiəsinə diqqət verilməlidir. Və bütün bunlar da əlavə xərc tələb edir. Azərbaycan dövlətinin resursları var, bilirsiz ki, bunlar Neft Fondunda səfərbər olunubdur. Lakin, bütün bu resursların əsasında bu işi görməyi məqsədəmüvafiq hesab etməzdim. Düşünürəm ki, biz əlavə mənbələr də tapmalıyıq və çalışmalıyıq ki, bu işdə beynəlxalq təşkilatların da iştirakı olsun, humanitar yardımlar olsun, eyni zamanda BMT səviyyəsində, digər institutlar çərçivəsində əməkdaşlıq həyata keçirilsin. Və həm də ki, özəl sektorun nümayəndələri iştirak etsin, sərmayələr cəlb olunsun. Və bu sərmayələr də yalnız kapitaldan deyil, texnikadan, texnologiyadan ibarət olsun.

Bərpa işləri ənənəvi qaydada həyata keçirilməli deyil. Bərpa işlərini mən düşünürəm ki, daha yaxşı təşkil eləmək üçün müasir idarəçilik formalarına, eyni zamanda şəhərsalma, arxitektura, dizayn məsələlərinə diqqət yetirmək lazımdır. Biz daha rasional xərclərlə, səmərəli fəaliyyəti təşkil etməliyik, çalışmalıyıq ki, bu, şəffaf, korrupsiyasız olsun.

Müharibədən sonra qarşımızda duran əsas məsələlərdən biri də məhz budur-korrupsiyanın qarşısını almaq, ölkədə azad rəqabəti formalaşdırmaq, sahibkarlıq mühitini yaxşılaşdırmaq və eyni zamanda ən vacib məsələlərdən biri-siyasi islahatlar aparmaq, cəmiyyətdəki həmrəyliyi qoruyub saxlamaq və gücləndirmək. Bunun üçün də xalqla hakimiyyət arasında etimad olmalıdır və bu etimad müəyyən institutlarla möhkəmlənməlidir-demokratik institut, azad və ədalətli seçki institutu, məhkəmə institutu, bazar iqtisadiyyatı institutu. 

-Gələcəkdə, yəni 5-10 il sonra necə bir Azərbaycan təsəvvür edirsiz? İqtisadi-sosial-siyasi baxımdan? 

Yaxın 5 il Azərbaycan üçün, xüsusən də iqtisadi müstəvidə çətin illər olacaq. Baxmayaraq ki, xərclərimizin çox olması müqabilində dövlətimizin müəyyən resursları da var. Lakin, bu xərclərin çoxu qeyri-məhsuldar və qeyri-kommersiya xarakteri daşıdığından son nəticədə iqtisadiyyatı inkişaf etdirmək və əlavə gəlir və resurslar cəlb eləmək o qədər də asan olmayacaq. Amma, bütövlükdə, hər kəsi məşğul edəcək səviyyədə proqramlar və fəaliyyət planlarımız olacaq və bu, insan resurslarından daha səmərəli istifadə etməyə gətirib çıxaracaq.

Lakin, 5 ildən sonrakı dövrü, düşünürəm ki, daha parlaq görmək mümkündür, bu dövrdə artıq işğaldan azad olunmuş ərazilərdə də əlavə dəyər yaranacaq və bu dəyər, iqtisadiyyatın inkişafına xidmət edəcək. Həmin ərazilərdə istehsal, xidmət, ticarət, tikinti, dağ-mədən sənayesi, turizm sektoru inkişaf edəcək, Azərbaycanın ümumi inkişafına əlavə keyfiyyət qatacaq. Bu, çox önəmli məsələdir, çünki o yerlərdə çox yaxşı iqtisadiyyat qurmaq olar və bu da, bizim gücümüzün artmasına xidmət edə bilər. Bizim iqtisadi gücümüzün artması həm də siyasi-strateji olaraq, istər bölgədə, istərsə də beynəlxalq səviyyədə rolumuzun artmasına gətirib çıxara bilər. Amma, bunun üçün gərək düzgün strateji və siyasi kurs seçək. Mən Azərbaycanın gələcəyini daha çox Avro-Atlantika məkanına inteqrasiyada görürəm. Bu kurs Azərbaycanı daha çox inkişafa sövq edə bilər. Ölkəmiz ordan əldə etdiyi imkanlarla, ordan gələn sərmayəylə iqtisadiyyatını modernləşdirmək, eyni zamanda siyasi həyatını normallaşdırmaq, açıq cəmiyyət qurmaq imkanı əldə edəcək.

Strateji baxımdan bu müharibə həm də bizə dostlarımızı tanıtdı və xüsusən də Türkiyəylə münasibətlər, ikitərəfli əməkdaşlıq- strateji müttəfiqlik səviyyəsində (hərbi, diplomatik, iqtisadi baxımdan) inkişaf etməlidir. Bizim region nəqliyyat qovşağına çevrilir, xüsusən də Azərbaycanın tranzit mövqeyi burda əhəmiyyətli rol oynaya bilər; Rusiyayla İran, Şimalla Cənub, Avropayla Asiya arasında. Və bu prosesdə Qarabağın iştirakı ilə Azərbaycanla Naxçıxan MR arasında dəhlizin formalaşdırılması, yüklərin daha qısa yolla Azərbaycan-Türkiyə arasında nəqli, nəticə etibarilə, ölkəmizin inkişafında əhəmiyyətli rol oynaya bilər. Bütün bu imkanlar düzgün idarə olunarsa, dəyərləndirilərsə, Azərbaycan 5 ildən sonra nəinki Cənubi Qafqaz, bütövlükdə Mərkəzi-Şərqi Avropada iqtisadi-siyasi olaraq, başqa ölkələrlə eyni səviyyədə qərarlaşa bilər.

Müsahibənin tam versiyası: