Şağan qəsəbəsində yaşayan sakinlər ərazinin kanalizasiya suları səbəbindən bərbad vəziyyətdə olduğunu deyir

Şağan qəsəbəsində yaşayan sakinlər ərazinin kanalizasiya suları səbəbindən bərbad vəziyyətdə olduğunu deyir
10:49 18-11-2020 | icon 1233

Şağan qəsəbəsində yaşayan sakinlər ərazinin kanalizasiya suları səbəbindən bərbad vəziyyətdə olduğunu deyir.  Bu barədə qəsəbə sakinləri tərəfindən milletinsesi.info-ın redaksiyasına ünvanlanan müraciətdə qeyd olunub. 

Belə ki, paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində yaşayan sakinlər iddia edir ki, ərazidə kanalizasiya xəttinin çəkilməsi zamanı yol verilən bəzi nöqsanlar səbəbindən yaşayış evlərininin həyəti, küçələr çirkab sular altında qalıb. Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara müraciət edilsə də, cavab ala bilmədikləri qeyd edilib.

Mövzu ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan küçədə “Azərsu” ASC-yə məxsus kanalizasiya şəbəkəsi mövcud deyil: “Şağan qəsəbəsində qrunt sularının yaratdığı problemlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin elektron ünvanına göndərdiyiniz müraciətə baxılıb. Məsələ ilə əlaqədar bildiririk ki, “Azərsu” ASC-nin Xəzər rayon Sukanal İdarəsi tərəfindən verilmiş məlumata əsasən, qeyd olunan küçədə “Azərsu” ASC-yə məxsus kanalizasiya şəbəkəsi mövcud deyil.

Şağan qəsəbəsində illər öncə kustar üsulla çəkilmiş qrunt suyu şəbəkəsi ərazinin perspektiv inkişafı nəzərə alınmadan çəkildiyindən və sakinlər tərəfindən şəbəkəyə qeyri-qanuni çirkab su boruları qoşulduğundan səviyyəsi qalxmaqda olan qrunt sularını kənarlaşdırmağa kifayət etmir.

Məsələnin müvəqqəti həlli məqsədilə Xəzər rayon Sukanal İdarəsi tərəfindən ərazidə cari ilin əvvəlində yığışan qrunt sularının kənarlaşdırılması üçün özaxımlı yağış suyu xətti çəkilib, iki ədəd yağış barmaqlığı, beş ədəd baxış quyusu quraşdırılıb. 

Bu xətlər vasitəsilə yığılan qrunt və yağış suları xəttin sonunda tikilmiş baxış quyusuna toplanaraq, nasos vasitəsilə, Mərdəkan-Buzovna avtomobil yolunun kənarında yerləşən yağış suyu şəbəkəsinə axıdılır. Lakin ərazidə yeni su şəbəkəsinin qurulması və həyətyanı sahələrdə qrunt suyunun səviyyəsinin qalxması səbəbindən mövcud boru qrunt sularının kənarlaşdırılmasına kifayət etmir”.

Xəzər Rayon İcra Hakimiyyətinin göndərdiyi cavabda o da qeyd olunub ki, Xəzər rayon Sukanal İdarəsi tərəfindən bildirilib ki, məsələnin əsaslı həlli üçün ərazidə perspektiv layihəyə uyğun iridiametrli qrunt və yağış suyu şəbəkəsi qurulması işləri “Azərsu” ASC-nin tədbirlər planına əsasən mərhələli şəkildə həyata keçiriləcək: 

“Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Şağan qəsəbəsində qrunt sularının yaratdığı problemlə bağlı tullantı və qrunt sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması, həmçinin, kanalizasiya sisteminin qurulması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ”Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və digər dövlər qurumlarına müraciətlər olunub”.