Diplomatik nümayəndələrin də olduğu Tərtər atəşə tutuldu: Qorxuya düşən düşmən döyüşdən imtina edir

Diplomatik nümayəndələrin də olduğu Tərtər atəşə tutuldu: Qorxuya düşən düşmən döyüşdən imtina edir
20:07 29-10-2020 | icon 14190

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.  Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket-artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür.

Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.

Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.

Görülən bütün cəza tədbirlərinə baxmayaraq Ermənistan müdafiə nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.

Erməni hərbi qulluqçularının döyüşdən kütləvi şəkildə imtina etməsinə səbəb Azərbaycan Ordusunun döyüş meydanında qələbələri və düşmənə endirdiyi dəqiq atəş zərbələri nəticəsində çoxlu sayda döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı təqdim edilən video görüntülərdir.

Bundan başqa, Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın bu addımını qəti surətdə pisləyirik və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk.