Ermənistanın növbəti PUA-sı məhv edildi -  Düşmən alayının taboru məhv edildi

Ermənistanın növbəti PUA-sı məhv edildi -  Düşmən alayının taboru məhv edildi
12:56 21-10-2020 | icon 14177

Oktyabrın 21-də saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Azərbaycan silahlı qüvvələrinin ermənilərin 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyətini sıradan çıxarması nəticəsində alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina edib. Buna görə də o, tutduğu vəzifədən azad olunub.

Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb edilib.

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə,  təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb.

Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb. 

Həmçinin, cəbhədə oktyabrın 21-nə olan son vəziyyət açıqlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək, geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.

6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var. 

Səhər saatlından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutur.

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhədə döyüşlərdə düşmənin üç ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə üç ədəd yük avtomobili sıradan çıxarılıb. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.