İtaliya parlamenti önündə “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib

İtaliya parlamenti önündə “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib
22:42 15-10-2020 | icon 320

İtaliyada yaşayan həmvətənlərimiz ölkə parlamentinin Deputatlar Palatasının qarşısında “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə sanksiyalaşdırılmış aksiya keçiriblər. Aksiyada ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Adınca aksiyada Roma Sapienza Universitetinin professoru, həmin Universitetdə Azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri Daniel Pommier Vinçelli, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Neapol-Bakı Assosiasiyasının rəhbəri Cüzeppe Kanilia, İtaliyadakı Azərbaycan icmasının nümayəndələri Fərid Abbasov, Aynur Əliyeva, Turan Sadiqi, Məryəm Mehdiyeva, Lamiyə Arikova çıxış ediblər.

Natiqlər çıxışlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün 30 ilə yaxın davam etməsi, bu təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun Ermənistanın silhalı qüvvələri tərəfindən işğal edildiyi, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü, Ermənistanın çoxsaylı müharibə cinayətləri, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadığını bildiriblər.

Natiqlər 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni təcavüzə başladığı, bunun nəticəsində istər təmas xəttinə yaxın, istərsə də ondan uzaqda olan şəhər və qəsəbələrimizi raket hücumlarına məruz qoyduğu, mülki obyektərlə və mülki şəxslərə ziyan vurduğu, çoxsaylı mülki şəxslərin qətlə yetirilməsi və yaralanması barədə məlumatlar veriblər. Natiqlər eləcə də, Azərbaycan ordusunun ərazi bütövlüyümüzün bərpası istiqamətində uğurlarından ciddi narahat olan erməni tərəfinin və onun təsiri altında olan çevrələrin Azərbaycana qarşı hibrid müharibəsi apardığı, ölkəmiz, münaqişənin mahiyyəti və hərbi əməliyyatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildiriblər. Natiqlər Azərbaycanın ədalət tələb etdiyini və bunun üçün beyəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə qeyd olunduğu kimi Azərbaycan torpaqlarından Ermənistanın işğalçı hərbi qüvvələrinin çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasının vacibliyini vurğulayıb və yalnız bununla bölgəyə sülh və sabitliyin gələcəyini deyiblər.

Aksiyada, habelə “Qarabağ Azərbaycandır!”,“Şuşa Azərbaycandır!”, “Xankəndi Azərbaycandır!”, “Xocalıya ədalət!”, “Erməni təcavüzünə son!”, “Erməni işğalına son!”, “Ermənistan əsgərləri Azərbaycan torpaqlarında nə edir?”, “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir”, “Təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmalıdır”, “Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünü pisləməlidir”, “Gəncə, güclü ol!”, “Tərtər, güclü ol!”  və digər şüarlar səsləndirilib.

Aksiyanı izləyən və həmin ərazidən keçən şəxslərə xüsusi olaraq hazırlanmış məlumat vərəqələri, müvafiq xəritələr və təbliğat materialları paylanılıb.