Cəbrayıldan olan məcburi köçkün: “Bilirsiniz, elə bil yenidən dünyaya gəldim!” - MÜSAHİBƏ

Cəbrayıldan olan məcburi köçkün: “Bilirsiniz, elə bil yenidən dünyaya gəldim!” - MÜSAHİBƏ
17:28 08-10-2020 | icon 1764

Azərbaycan ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, habelə Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini erməni işğalından azad etdi.

Media.Az Cəbrayıl rayonundan olan məcburi köçkün Şahin Cəfərovla bu barədə söhbətləşib.

- Doğma şəhərinizin işğaldan azad edildiyini öyrənəndə hansı hissləri keçirdiniz?

- Bu hissləri təsvir etmək mümkün deyil, elə bil yenidən dünyaya gəldim. Uşaqlıq illərimin xatirələri bir anlıq xəyalımda canlandı. Mən 1979-cu ildə Cəbrayıl şəhərində anadan olmuşam, demək olar ki, bütün qohumlarım və yaxınlarım əslən Qarabağdandır. Mən ölkəmizlə, ordumuzla, bu azad etmə günü ilə qürur hissi keçirdim!

- Cəbrayılı tərk etməyə məcbur qalanda neçə yaşınız var idi?

- 14 yaşım var idi. Şəhəri daim atəşə tuturdular, bilirdik ki, düşmən hücuma keçir. Əvvəlcə yaxınlıqdakı meşələrdə müvəqqəti gizlənməyə çalışdıq, lakin ermənilər qonşu kəndi işğal edəndə tərk etmək məcburiyyətində qaldıq. Böyük Mərcanlı kəndinə qədər gəlib çıxdıq, amma Xudafərin körpüsü artıq bağlandığına görə, Araz çayı üzərindən İran tərəfinə getməli olduq. Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal olunub. Sahəsi 1050 kvadrat kilometr olan Cəbrayılın ermənilər tərəfindən işğal edilməsi nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib. Cəbrayıldan olan 61 100 məcburi köçkün ölkənin 58 rayonunda – Beyləqan, İmişli, Sabirabad, Biləsuvar və digər rayonlarda məskunlaşıb. Erməni işğalçılarla döyüşlərdə Cəbrayılın 180 sakini həlak olub. Onlardan 14 nəfəri polis əməkdaşı, 60 nəfəri isə mülki şəxs olub, 90 nəfərə yaxın insan isə əsir və itkin düşüb. 180 nəfər cəbrayıllı Qarabağ müharibəsi əlili olub, altı nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb (Müəllif).

- Həmin vaxt yaxınlarınızdan və ya qohumlarınızdan kimisə itirmisiniz?

- Xalam oğlu Əliyev Etibar həlak oldu, onun dəfnini faktiki olaraq atəş altında keçirməli olduq. Ağır vaxtlar idi, həmin dövrdə düşmən tərəfindən müsibətlərə çox dözdük.

- Hadisələr başlamazdan qabaq Cəbrayıl sakinləri qonşularının hücum etmək üçün zəmin hazırlamasından şübhələnirdilər?

- Azərbaycanlılar açıq ürəkli olmalarına görə yaxın qonşularından bu cür təcavüz gözləmirdilər. Cəbrayılda az sayda erməni yaşayırdı, onların yaşadıqları bir neçə kiçik kənd var idi. Lakin biz daim ünsiyyət saxlayırdıq, birlikdə mərkəzi bazara gedirdik, belə alçaqlığı gözləmirdik. Biz azərbaycanlılar sülhsevər millət olduğumuza görə fikrimcə, hər şeyi həddindən çox gec başa düşdük və dərk etdik.

- Və budur 30 il sonra bizim şanlı ordumuz Azərbaycan torpaqlarını geri qaytarır…

- Allaha şükür ki, bu zaman gəlib çatdı. Əminəm ki, ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik. Ədalət qalib gələcək! İxtiyarım olsaydı, cəbhəyə könüllü yazılardım. Əfsus ki, məni çağırmırlar, mən ikinci qrup əliləm, 17 il dövlət qulluqçusu işləmişəm, indi isə təqaüddəyəm. Lakin mənim ürəyim ordumuzla birlikdə döyünür, hərbçilərimiz üçün dua edirəm, qoy Allah onların həyatını qorusun. Allah bütün şəhidlərə rəhmət eləsin!