Şair Ramaldanov: “Madagizin azad olunması Ağdərənin işğalçılardan təmizlənməsi üçün üstünlük yaradır”

Şair Ramaldanov: “Madagizin azad olunması Ağdərənin işğalçılardan təmizlənməsi üçün üstünlük yaradır”
23:00 03-10-2020 | icon 1517

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 3-də özünün rəsmi Tvitter səhifəsində ordumuzun Madagizi işğaldan azad etdiyini bildirib. Dövlətimizin başçısı digər bir paylaşımında Madagizin tarixi adının bərpa olunaraq, onun Suqovuşan adlandırıldığını elan edib.

Suqovuşanın azad edilməsinin strateji baxımdan Azərbaycan Ordusu üçün önəmini AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib:

“Suqovuşanın çox böyük strateji əhəmiyyəti var. Belə ki, Suqovuşan Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verir. Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün Ordumuza böyük üstünlük yaradır”.

Ermənistan ordusunun 6-cı dağ atıcı alayının qərargahının yerləşdiyi strateji əhəmiyyətli Suqovuşan yaşayış məntəqəsinin Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşməndən təmizləndiyini xüsusi vurğulayan polkovnik bildirib:

“Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçib. Buna əlavə olaraq, Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıyadır. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə xətti olan Ağdərə-Ağdam xətti mühasirəyə düşmə təhlükəsi altına düşür.

Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi. Bu mühüm məntəqə düşməndən təmizləndikdən sonra Ağdərə və Ağdam istiqamətində Ermənistan ordusu uzun müddət duruş gətirə bilməyəcək. Ağdərə və Ağdamın da azad edilməsindən sonra isə Xankəndinə hücum üçün əlverişli imkan yaranır.

Bütün bunları nəzərə alsaq deyə bilərik ki, Suqovuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması ordumuzun uğurlu irəliləyişi üçün böyük əhəmiyyət daşıyır. Bu, çox uğurlu nəticədir və bu uğurlu nəticəyə hamımız sevinirik”.