Fuad Hacıyev: "Pandemiya və digər məsələlərlə bağlı Den Meysonla müqaviləmiz başa çatıb"

Fuad Hacıyev: "Pandemiya və digər məsələlərlə bağlı Den Meysonla müqaviləmiz başa çatıb"
16:28 23-09-2020 | icon 1100

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyev pandemiya dövründə tədris prosesindən danışıb.

“Akademiyanın giriş-çıxış məntəqələrinin sayı üçə qədər artırılıb. Qısa müddət ərzində 15-20 tələbənin hərarətini ölçmək imkanımız var. Universal, professor-müəllim və inzibati heyət üçün isə fərdi teplovizorlar quraşdırılıb. Sosial məsafənin saxlanılması məqsədilə yerdə çəkilmiş dayanma işarələri vurulub”, - deyə F.Hacıyev milletinsesi.info-a açıqlamasında bildirib.

“Tələbə sıxlığı nəzərə alınaraq onlar yarım-qruplara bölünüblər, üç növbəli təhsil sistemi üzrə Akademiyaya gəlirlər. 65 yaşdan yuxarı və ya risk qrupuna daxil olan müəllimlər üçün distant təhsil keçmək məsələsi tənzimlənib.

Noyabrda Akademiyamızın 90 illiyi tamam olur. Sevindirici haldır ki, bu münasibətlə ötən il yaradılmış “Tibb Elmləri və Pedaqogika” üzrə fəlsəfə və elmlər doktoru səviyyələri üzrə doktorantura yaradılıb. Bu il artıq 12 nəfər fəlsəfə doktoru, üç nəfər elmlər doktoru olmağımız üçün tədris prosesinə başlayacağıq”.

Daha sonra Fuad Hacıyev akademiyada keçirilməmiş qabiliyyət imtahanlarından danışıb:

“Son statistikada ən yaxşı keçid balı ADBTİA-da olub. 4 000-dən çox insan qabiliyyət imtahanı üçün müraciət edib. Biz hökumətdən xahiş etdik ki, bu dəfə pandemiya ilə əlaqədar fiziki hazırlıq üzrə qabiliyyət imtahanı qəbul edilmiş hesab olunsun”.

Fuad Hacıyev idman jurnalistikası üzrə magistr proqramının davam etdiriləcəyini də söyləyib:

“Həmin proqram Nazirlər Kabinetinin qərarına əsasən təsis olunub. İlyarımlıq pilot layihə kimi Den Meyson ona rəhbərlik edib. Pandemiya və digər məsələlərlə bağlı Den Meysonla müqaviləmiz başa çatıb. Amma proqram davam etdiriləcək. Çünki çox uğurlu proqramdır. Meyson və BBC-nin studiya meneceri Riçard Vilson onlayn tədris üçün dəvət ediləcək. Məqsədimiz budur ki, idman jurnalistikası üzrə ixtisaslaşmış kadrlar yetişdirək”.