Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlandı

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlandı
10:21 16-09-2020 | icon 124

Boş qalmış yerlər üzrə peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə SMS bildiriş vasitəsilə məlumat göndərilib. Həmçinin, uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır.

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər 16 - 21 sentyabr (saat 18:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tələb olunan sənədlər sırasına attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdən) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi və güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd daxildir.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi, onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust, boş qalmış yerlər üzrə II mərhələsi isə 4-14 sentyabr tarixlərində elektron qaydada həyata keçirilib. Sistemdə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onların 19 128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5 014 şəxs, ümumilikdə isə 14 950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur.