Erkan Özoral: “Bu gün Azərbaycan və Türkiyənin müstəqilliyinə görə Qafqaz İslam Ordusuna borcluyuq”

Erkan Özoral: “Bu gün Azərbaycan və Türkiyənin müstəqilliyinə görə Qafqaz İslam Ordusuna borcluyuq”
10:56 15-09-2020 | icon 1216

“Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının  erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bu böyük bayram  Azərbaycana, Türkiyəyə, bütün türk millətinə mübarək olsun”. milletinsesi.info-ın müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Anadolu türkünün yox edilmək istənildiyi bir dönəmdə Osmanlı dövləti ən yaxşı əsgərlərini müxtəlif cəbhələrdən çəkib Azərbaycana göndərib:

“Bu, bizim qardaşlığımız baxımından çox böyük bir tarixi hadisədir. Osmanlı öz varlığını düşündüyü qədər Azərbaycan türkünün də varlığını düşünərək ordu göndərdi. Bu gün bizim iki dövlətimiz müstəqil, qardaş olaraq yaşayırsa, “bir millət, iki dövlətik” deyə biliriksə, biz bunu Qafqaz İslam Ordusuna, Bakının işğaldan azad edilməsinə borcluyuq”.

Səfir qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan olaraq eyni şəkildə bizim əleyhimizə çıxanlara qarşı biz birlikdə daha güclüyük: “Türkiyə ilə Azərbaycan hər haman bir millət iki dövlətdir və qardaşdır”.

Səfir bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsilə qazanılan bu zəfər təkcə bugünkü Azərbaycanın yolunu açmayıb: “Eyni zamanda, Azərbaycan və Türkiyə üzərində qurulan oyunların sonunu gətirib.

Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Həmişə olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyərək, gələcəyimizi birlikdə quracağıq. Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildömündə Nuru Paşanı, Azərbaycan və Türk ordusunun hər bir əsgərini sayğı ilə anıram”, - deyə səfir əlavə edib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı bir sıra fərziyyələr səsləndirilir.

ABŞ-ın “Vaşinqton Post” qəzetinin məsələ ilə bağlı iddiasına münasibət bildirən səfir qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər zaman bütün istiqamətlərdə inkişaf edib və etməkdədir:

“Türkiyə və Azərbaycan bir-birinə hər mövzuda yardım edib və edəcək. Bu gün Nuru Paşa və ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümünü qeyd edirik. Məhz bu hadisə də qardaşlığın tarixi sübutlarından biridir. Məncə, bu gün zəfər bayramımızı qeyd etməli və bu cür fərziyyələri bir kənara qoymalıyıq”.