Firdovsi Umudov vətəndaşlarımıza səsləndi: “Axı sizin o təxribatçı ermənilərdən fərqiniz nə oldu?”

Firdovsi Umudov vətəndaşlarımıza səsləndi: “Axı sizin o təxribatçı ermənilərdən fərqiniz nə oldu?”
14:00 18-07-2020 | icon 3061

“İyulun 14-dən 15-nə keçən gecə paytaxt Bakıda keçirilən “Ordumuza dəstək yürüşü” Azərbaycan cəmiyyətində vətənpərvəlik ruhunun, Vətənə, dövlətə sevginin, Ali Baş Komandana və müzəffər ordumuza etimadın yüksək olduğunu bir daha sübut etdi. Aksiya iştirakçılarının ordumuza, əsgərimizə, zabitimizə sevgi ifadə etməsi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti olduqca qürurverici idi”.

milletinsesi.info xəbər verir ki, bu fikirlər həmin dəstək yürüşündə iştirak edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudova məxsusdur.

O, Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı münasibətini bildirib.

Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı olan F.Umudov orduya dəstəyin vətəndaşlıq borcu olduğunu qeyd edib:

“Əlbəttə, orduya dəstək göstərmək hər bir insanımızın vətəndaşlıq borcudur. Və uca xalqımız da həmin gün məhz bu borcunu bəyan etməyə çıxmışdı və etdi də. İşğalçı Ermənistan və onun havadarları məhz bu yürüşdən sonra almalı olduqları mesajı aldılar. Artıq Azərbaycan xalqının bir qarış torpağı belə güzəştə getməyəcəyinin şahidi oldular. Ölkə başçısı cənab İlham Əliyev də dəfələrlə bu barədə açıq kontekstlə bəyanatlar verib.

Buradan yola çıxaraq bildirirəm ki, məlum yürüş ölkəmizdə xalq – prezident, prezident – xalq birliyini, sevgisini əyani şəkildə nümayiş etdirdi. Eyni zamanda, anti-Azərbaycan qüvvələr Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə monolit hakimiyyətin qurulmasının şahidi oldular. O hökumətlər və hakimiyyətlər monolit olur ki, orada xalq – iqtidar və ya xalq – prezident birliyi ən ali səviyyədə olur və hakimiyyətin mənbəyini xalq təşkil edir. Azərbaycanda da hakimiyyətin mənbəyini xalqın təşkil etməsi heç kəsdə şübhə doğurmur. Həmin gün yürüşdə səsləndirilən şüarlarda bu öz əksini tapdı, amma...

“Amma”sı odur ki, yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. Prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların və aqressiyanın formalaşdırılmasına səylər göstərildi. Küçələrdə iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Və əsası, bu, qanları ilə torpağı yoğurub vətənə çevirən şəhidlərimizin ruhuna sayğısızlıq idi. Buna qəti yol vermək olmazdı. İndiki kövrək məqamda heç olmazdı.

Ona görə olmazdı ki, əsgərlərimiz səngərdə ermənilərlə döyüşürdü. Təsəvvür edin, cəbhədə ermənilər əsgərlərimizi təxribata çəkir, şəhidlərimiz və yaralılarımız var. Paytaxtda da siz polislərimizi və xalqımızı provokasiyaya sövq etmək istəyirsiniz. Axı sizin o təxribatçı ermənilərdən fərqiniz nə oldu? Baxın, 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaxın tariximizdə yaşanıb. Biz bunları unutmamışıq, hələ də yaddaşımızdan silinməyib. Hamısı gözlərimizin qabağında yaşanıb və biz xalq olaraq bunun ağrısını elə indi də dərimizdə hiss edirik.

Ayrı-ayrı siyasi qrupların, şəxslərin maraqlarına xidmət edən “5-ci kolon” bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən anarxiya dövrünə qaytarmağa cəhd göstərdi. “5-ci kolon” növbəti dəfə öz mənfur niyyətini həyata keçirtmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışdı. Lakin bacarmadılar. Bacara da bilməzdilər. 

Axı Azərbaycan 1990-ci illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Axı bizim uğurlu yol keçmiş, mükəmməl şəkildə təkmilləşmiş və ölkəmizin təhlükəsizliyinin qorunmasında sütun rolunu oynayan hüquq-mühafizə orqanlarımız var. Polislərimiz təxribatın da qarşısını ustalıqla aldılar. Həmin şəxslərin bir qismi saxlanıldı. Onlar qanun qarşısında cavab verəcəklər.

Sonda bir daha diqqətə çatdırıram ki, bu gün hər birimiz Silahlı Qüvvələrimizin əsgəri olduğumuzu unutmalı deyilik. Buna görə də, həmrəy olub, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Heç bir təxribata və dezinformasiyalara yol verməməliyik. Bizim monolit dövlətimiz, müzəffər ordumuz, güclü və uzaqgörən Ali Baş Komandanımız var!

Sonda Allahdan Şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirəm.  

Tanrı cənab Ali Baş Komandanımızı, xalqımızı və əsgərlərimizi qorusun! Qələbə bizimlədir”.