Rəsul Jumalı: “ATƏT-in Minsk Qrupunun tərkibini dəyişmək lazımdır” 

Rəsul Jumalı: “ATƏT-in Minsk Qrupunun tərkibini dəyişmək lazımdır” 
14:00 17-07-2020 | icon 2874

İyulun 12-də günorta saatlarından başlayaraq, atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Tovuz rayonu ərazisindəki hərbi kontingentini artilleriya qurğularından atəşə tutub.

Cəbhədə gərgin vəziyyət hələ də davam edir.

Media.Az Ermənistan tərəfinin təxribatları ilə əlaqədar və Qazaxıstanın Qarabağ münaqişəsindəki mövqeyi barədə qazaxıstanlı politoloq Rəsul Jumalıdan müsahibə alıb.

- Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini necə qiymətləndirərdiniz?

- Bənzər sərhəd insidentləri münaqişə tarixi boyunca vaxtaşırı baş verir. Azərbaycan-Ermənistan sərhədindəki son gərginliyin arxasında saxta vətənpərvərlik şüarları ilə daxili auditoriya qarşısında xal toplamağa çalışan Ermənistan rəhbərliyinin təxribatçı siyasəti dayana bilər. Bundan əlavə, hazırda Ermənistan iqtisadiyyatı, xüsusən koronavirus pandemiyası səbəbindən çökməkdədir. İqtisadi artım azalır, sosial problemlər yaranmağa başlayır. Bundan başqa, Ermənistan iqtisadiyyatının əsas sponsoru olan Rusiya da çətin günlərini yaşayır. Bu cür təxribatlarla erməni tərəfi diqqəti sosial problemlərdən hərbi münaqişəyə yönəltməyə çalışır.

- Necə düşünürsünüz, niyə eskalasiya Dağlıq Qarabağda yox, Tovuz rayonunun sərhədində baş verdi?

- Bu, Azərbaycan tərəfini cavab tədbirlərinə məcbur etmək üçün hazırlanan təxribatın bir hissəsidir. Bu məqamın Azərbaycan üçün həssas və ağrılı bir məsələ olduğunu bilən Ermənistan hərbi əməliyyatların Qarabağa keçəcəyini ehtimal edirdi. Bu, erməni siyasətçilərə beynəlxalq birliyə müraciət edərək, yenidən Azərbaycanı təcavüzdə ittiham etməyə imkan verəcəkdi.

- Bu məsələdə Qazaxıstanın mövqeyi necədir?

- Rəsmi Qazaxıstanın Dağlıq Qarabağ məsələsində mövqeyi əlavə dəqiqləşdirmələrə ehtiyac duymur. Qazaxıstan və Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan qardaş ölkələrdir. Bu baxımdan, Qazaxıstan rəsmi səviyyədə həmişə Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələri yüksək qiymətləndirib. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qazaxıstan həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi tezisindən çıxış edib. Qazaxıstan rəsmi səviyyədə həmişə sözügedən prinsipə riayət edib.

Yadınızdadırsa, bir neçə il əvvəl, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması məsələsi gündəmə gələndə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Ermənistanın Dağlıq Qarabağla birlikdə AİB-yə qoşulmasının mümkünsüzlüyünü bəyan etmişdi.

O zaman bu açıqlama erməni tərəfinin tənqidi ilə qarşılandı. Bundan əlavə, Qazaxıstan, o dövrdə Avrasiya İqtisadi Birliyinə sədrlik edən ölkə kimi, birliyin sammitinin Yerevanda keçirilməsini məqsədəuyğun hesab etməmişdi.

Qeyri-rəsmi səviyyədən danışırıqsa, deməliyəm ki, Qazaxıstan cəmiyyətinin simpatiyası tamamilə Azərbaycanın tərəfindədir. Bu məsələdə bizim türk xalqları olaraq qohumluğumuzun böyük rolu var. Hazırkı gərgin dövrdə sosial şəbəkələrdə Qazaxıstan cəmiyyətinin öz azərbaycanlı qardaşlarına verdiyi dəstək mesajlarını görməmək mümkün deyil.

- Mövcud eskalasiya genişmiqyaslı hərbi qarşıdurmaya keçə bilərmi?

- Təəssüf ki, bu mümkündür. Münaqişənin həlli ilə məşğul olan qurumlar və beynəlxalq təsir vasitələri özünü doğrultmadı. İlkin olaraq söhbət ATƏT-in Minsk Qrupundan gedir. Bütün danışıqlar və görüşlər arzu olunan nəticələrə səbəb olmadı. Düşünürəm ki, bu məsləhətləşmələri fərqli formata keçirməyin vaxtı çatıb. Misal üçün, ATƏT-in Minsk Qrupunun tərkibini dəyişmək, bu quruma digər dövlətləri cəlb etmək lazımdır. Belə ki, hazırda münaqişənin həllini öz öhdəsinə götürmüş təşkilata daxil olan dövlətlər ya neytral mövqe tutur və yaxud da Ermənistanı dəstəkləyir. İdealda ATƏT-in Minsk Qrupunun tərkibinə münaqişənin həll edilməsində maraqlı olan ölkələr daxil edilməlidir.

- Misal üçün?..

- İlk olaraq Türkiyə və Qazaxıstan. Yalnız bundan sonra hər hansı ciddi nəticə əldə oluna bilər.

- Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə məktub göndərərək, Türk Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi ilə bağlı 14 iyul 2020-ci il tarixli açıqlamasına görə minnətdarlığını bildirib.

- Bu, olduqca təbiidir. Ənənəvi olaraq, türkdilli dövlətlər ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə edərək, siyasi, mənəvi və digər bütün mümkün yollarla Azərbaycanı dəstəkləyir. Bunun əyani nümunəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birmənalı dəstəyini ifadə edən çıxışı və Ermənistanın təxribatçı hərəkətlərinin arxasında üçüncü qüvvələrin dayana biləcəyini qeyd etdiyi bəyanatdır.

Qazaxıstan dəfələrlə vasitəçilik təklifi ilə çıxış edərək, bu məsələdə prinsipial mövqe sərgiləyib. Xüsusilə, Qazaxıstanda Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair məsləhətləşmələr aparmaq təşəbbüsü ilə çıxış edib. Yeri gəlmişkən, oxşar təkliflər ATƏT-in Minsk Qrupuna alternativ olaraq indi də səsləndirilə bilər.