Minlərlə insan Bakıdakı yürüşə qatılıb - VİDEO

Minlərlə insan Bakıdakı yürüşə qatılıb - VİDEO
01:28 15-07-2020 | icon 14127

Bakıda Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbi qulluqçularının xatirəsinə yürüş keçirilib. 

Yürüşdə minlərlə Bakı sakini Parlament prospektində, Milli Məclisin qarşısında toplaşıb. 

Vətəndaşlar “Şəhidlər Ölməz, Vətən Bölünməz” şüarları səsləndiriblər.

“Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir,  şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk”.

Bu fikirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında yer alıb:

“Eyni zamanda, vətəndaşlarımızı bütün dünyada qlobal problemə çevrilmiş daha bir düşmənin – koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq. 

İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız”.

Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub:

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törədib, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutublar.

Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri bu təxribatın qarşısını qətiyyətlə alıb, cavab atəşi ilə düşmənin dayaq məntəqələri, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar, çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edilib. Hazırda döyüşlərin baş verdiyi ərazidə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Ermənistanın bu hərbi təxribatı qarşısında Azərbaycan xalqı öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərib, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn edilib, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilib.

İyul ayının 14-ü Bakı şəhərində keçirilmiş yürüş və toplantı Azərbaycan xalqının öz Dövlətinə, Ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirib. Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqının səbri sonsuz deyil və o, heç zaman ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, həlak olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq.

Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə, bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Fakt üzrə cinayət işi başlanaraq, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkədə ictimai qaydanın və asayişin pozulması hallarının yolverilməzliyini xüsusi olaraq qeyd edir. Eyni zamanda, hazırda COVİD-19 pandemiyası ilə mübarizənin getdiyi bir vaxtda şəhər və rayonlarda kütləvi toplantıların keçirilməsinin ağır nəticələrə səbəb ola biləcəyini xatırladaraq, vətəndaşları təmkinli olmağa, şəhidlərimizin əziz xatirəsini mövcud karantin qaydalarının tələblərini nəzərə alaraq yad etməyə çağırır.

Baku TV-nin lentə aldığı görüntüləri təqdim edirik:

 

Bundan başqa, Bakıda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində şəhid olan general və əsgərlərin xatirəsinə yürüş keçirilib.

milletinsesi.info-ın məlumatına görə, paytaxtın Heydər Əliyev prospektində böyük izdiham müşahidə olunub.

Əhali cəbhə xəttində baş verən proseslərə öz dəstəyini ifadə edir. 

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.