Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”
14:21 13-07-2020 | icon 1548

“Azərbaycanın heç bir ərazi itkisi olmayıb. Düşmənin hücum cəhdinə adekvat cavab verilib”. milletinsesi.info xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan-Ermənistan sərhədində vəziyyətə münasibət bildirərkən deyib.

O bildirib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atşkəs rejimini kobud şəkildə pozublar:

“Ermənistan tərəfi iriçaplı silahlardan, minomyotlardan Azərbaycan Ordusunun yerləşdiyi mövqeləri atəşə tutub. Düşmənin fəaliyyətinin qarşısının alınması üçün komandanlıq tərəfindən qərar qəbul edilib və düşmənə adekvat cavab verilməsi üçün tədbirlər görülüb.

Ermənistan tərəfi təxribatını davam etdirmək məqsədilə bizim mövqelərimizə hücum etməyə cəhd edib. Lakin bu hücumun da qarşısı alınıb”.

V.Dərgahlı heç bir ərazi itkisinin olmadığını deyib:

“Bildirmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli cəhdləri nəticə verməyib. Azərbaycanın heç bir ərazi itkisi yoxdur. Eləcə də, Azərbaycan Ordusu öz tutduğu mövqelərində dayanmaqda davam edir və düşmən tərəfə qarşı cəza tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi Azərbaycanın Tovuz rayonun Ağdam kəndində yerləşən postlarımızı, eləcə də yaşayış məntəqəsini atəşə tutub. Sakinlər arasında heç bir itki yoxdur. Xalqımız bilsin ki, Azərbaycan Ordusu öz mövqelərində xidmətini davam etdirir”.