Qüdrət Həsənquliyev: “Azərbaycan Ordusu bu təxribata daha ağır zərbə ilə cavab verməlidir”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ordusu bu təxribata daha ağır zərbə ilə cavab verməlidir”
12:49 13-07-2020 | icon 1387

“Təxribat barədə onu deyə bilərəm ki, biz mənfur düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqvaviləsi Təşkilatını münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir”.

milletinsesi.info-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Ermənistanın Tovuz istiqamətində təxribatını şərh edərkən deyib.

O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən, bu təxribatı sanksiyalaşdıra bilər. Millət vəkili hesab edir ki, bununla belə, təxribatın ordu daxilindəki Qarabağ klanına bağlı narazı qüvvələr tərəfindən təşkil olunduğunu da istisna etmək olmaz. 

“Bu təxribat böyük miqyaslı döyüşlərə başlamazdan əvvəl Ordumuzun döyüş qabiliyyətini yoxlamaq üçün kəşfiyyat xarakterli əməliyyat da ola bilər. Amma kimin tərəfindən və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir. Ümid edirəm ki, Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”, - deyə, Q.Həsənquliyev əlavə edib. 

Xatırladaq ki, Ermənistan iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd edib. Azərbaycan Ordusunun cavab tədbirləri ilə işğalçı qüvvələr geri otuzdurulub, Ermənistan tərəfi xeyli sayda itki verib. 

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun dörd hərbçisi şəhid olub.