Prezident İlham Əliyev “Fairmont”dakı karantin pozulmasından danışdı: “Baş verən o biabırçı hadisə dözülməzdir”

Prezident İlham Əliyev “Fairmont”dakı karantin pozulmasından danışdı: “Baş verən o biabırçı hadisə dözülməzdir”
21:14 07-07-2020 | icon 14701

İlham Əliyev: "Karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır"

Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib: "Biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür."

“Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar.

Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq.

Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

"Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir."

Dövlətimizin başçısı deyib: “Biz doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bildirməliyəm ki, o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi. Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər - yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT–də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik”.

"Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Mən bunu şəxsən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda idi. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular."

“Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Ancaq ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu.

Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir. Mən hesab edirəm ki, bu fəaliyyət Avropada geniş araşdırılmalıdır. Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib.

Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar. Çünki o, hər bir güc mərkəzinə o güc mərkəzinin eşitmək istədiyini deyir yalandan. O, bir neçə stulda oturmaq istəyir. Bu günə qədər buna müvəffəq olub. O, saxta tarixi, uydurulmuş, yüz il bundan əvvəl dırnaqarası hadisələri - soyqırımı istismar etmək istəyir. Özündən qurban, yazıq bir xalq düzəltmək istəyir. Halbuki hər kəs yaxşı bilir ki, ermənilər bizə qarşı soyqırımı törətmişlər. Budur, əsas amillər”, -deyə dövlətimizin başçısı vurğulayıb.

"Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik."

Prezident vurğulayıb ki, faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər.

Dövlət başçısının müsahibəsini təqdim edirik: