Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu

Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
10:07 03-06-2020 | icon 242

Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslər tutulub.

Trend-in məlumatına görə, hadisə iyunun 1-də səhər saat 6:00 radələrində baş verib. 

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında orada işləyən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işinə başlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Qarət etdikləri 40 min manat, müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.