UEFA Corc Floydun ölümünə reaksiya verdi - FOTO

UEFA Corc Floydun ölümünə reaksiya verdi - FOTO
03:35 03-06-2020 | icon 190

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həlak olmasına reaksiya verib.

Bu barədə “Report” UEFA-nın “Twitter”dəki səhifəsinə istinadən xəbər verir.

“İrqçiliyə yox de. Biz birlikdə güclüyük”, - deyə UEFA-nın “Twitter”dəki müraciətində qeyd edilib. Təşkilatın müraciətinə qara kvadrat da əlavə edilib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.