Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
19:35 29-05-2020 | icon 726

“Hazırda dünyada pandemiyanın birinci mərhələsi yaşanır”. milletinsesi.info-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, qaydalara əməl olunarsa, epidemik ocaqlar sönəcək: “Birinci dalğa geridə qalacaq. Əksinə olsa, qış aylarında ikinci dalğa təhlükəsi özünü daha ciddi şəkildə büruzə verə bilər. Bu da virusun baş verə biləcək mutasiyalarından asılıdır”.

O əlavə edib ki, son həftələrdə yeddi gündən sonra təkrar pozitiv çıxan halların sayında artım olub: “Mütəxəssislər düşünür ki, buna mutasiyanın baş verməsi səbəb ola bilər. Ona görə də, mutasiya və ikinci dalğa ilə bağlı məsələlər sual altındadır”.

Hərbi müəssisələr və təcridxanalardakı epidemioloji vəziyyət açıqlanıb. Ramin Bayramlı bildirib ki, aparılan tədbirlər nəticəsində hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir.

Ramin Bayramlı bildirib ki, koronavirusdan sağalmış şəxslərdən alınan plazmanın tətbiqinin nəticələri artıq əldə olunub.

Onun sözlərinə görə, xəstəliyi simptomatik keçirənlərdən əldə edilən plazma xəstəliyin müalicəsində daha effektiv olub: “Keçən həftə bunun şahidi olduq. Çox ağır vəziyyətdə olan, dərman müalicəsinə tabe olmayan, həkimlərin ümidini üzdüyü xəstələrə plazma tətbiq edilib və sağalma olub”.

TƏBİB sədri koronavirusdan sağalan şəxslərə də plazmalarınıl verməklə bağlı çağırış edib: “Plazmanın mübadiləsi həyat üçün təhlükəli deyil. Evdə özünü müalicə edənlərin sayı azalsa da, belələri var. Bu da son nəticədə onların ağır formada xəstəxanaya gəlməsinə səbəb olur. Asimptomatik xəstələrin evdə müşahidəsi ilə bağlı protokollar hazırlanır”.

Onun sözlərinə görə, asimtomatik halların xüsusən Bakı şəhərində artması, xəstəxanalarda doluluğun olması bunu labüd edir. “Analiz nəticələri pozitiv çıxan şəxslərin evdən çıxmamaları ilə bağlı qaydalar hazırlanır. Buna əməl edilmədikdə onların inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi qanunvericiliyə təqdim edilib. Şənbə və bazar günləri məhdudiyyətlərin tətbiqi gündəmdədir”.

Sədr qeyd edib ki, bayram günləri məhdudiyyətlər tətbiq etməyə ehtiyac görülməyib: “Artıq bunun üçün xüsusi alqoritm hazırlanıb. Buna uyğun olaraq, irəlidəki günlərdə artım olarsa, həftəsonları və iyun ayında bizi gözləyən qısamüddətli qapanışlara gedə bilərik”.

O bildirib ki, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı respublikanın ərazisində lokal epidemik göstəricilərdən asılı olaraq addımlar atıla bilər: “Qaydaları pozan müəssisələrin hüquqi şəxsləri barədə müvafiq inzibati tədbirlərin görülməsi müzakirədədir və yaxın günlərdə açıqlanacaq”.

Onun sözlərinə görə, iri ticarət mərkəzlərinin içərisində fərdi mağaza sahibləri, fərdi sahibkarlıq subyektləri sosial məsafəyə və maskalardan istifadə edilməsinə ciddi diqqət etməlidir: “Qaydalara riayət etməyənləri inzibati məsuliyyət gözləyir. “Sədərək” ticarət mərkəzində fəaliyyətin bərpası da bizi narahat edir. Orada çalışanlar, vətəndaşlar qaydalar çərçivəsində hərəkət etməlidir”.

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma ilə bağlı statistika açıqlanıb. Ramin Bayramlı bildirib ki, Yasamal rayonunda 14,5 faiz virusa yoluxma aşkar edilib: “Nəsimi rayonunda 13 faiz, Sabunçu rayonunda 13,5 faiz, Binəqədi rayonunda 11,1 faiz, Xətai rayonunda 10 faiz, Qaradağ rayonunda 7,4 faiz, Suraxanı rayonunda 6,4 faiz, Nizami rayonunda 5,9, Nərimanov rayonunda isə 10,5 faiz yoluxma olub”. 

O qeyd edib ki, Bakı şəhərinin digər rayonlarında koronavirusa yoluxma üç faizdən aşağıdır: “Narahatedici bölgələrdən biri Kürdəmir rayonudur. Rayonun Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb”.

O qeyd edib ki, Masallı rayonunun Əlişanlı kəndində 12 nəfər arasında yoluxma faktı qeydə alınıb: “Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 12, Beyləqan rayonunun Şahsevən kəndində beş nəfərdə yoluxma qeydə alınıb. Yoluxmanın ən yüksək olduğu rayonlar Salyan, Kürdəmir, Cəlilabad və Yevlaxdır”.

Bundan başqa, ölkədə koronavirusa yoluxma faktının ən çox olduğu rayonlar açıqlanıb.

O qeyd edib ki, yoluxanların 47 faizi Bakıdadır: “Gəncə-Qazax bölgəsində 13,6 faiz, Aran bölgəsində 11,9, Abşeron rayonunda 11,2 faiz, Lənkəran rayonunda 8,6 faiz yoluxma müşahidə edilib”.

Sədr burğulayıb ki, Bakı şəhərində yoluxmanın çox olması təmas hallarının artması ilə əlaqədardır: “Gəncə şəhərində 481, Sumqayıt şəhərində 250, Abşeron rayonunda 209, Masallı rayonunda 47, Goranboy rayonunda 30, İsmayıllıda 32, Astarada 27, Neftçalada 55, Xaçmazda 31 və Beyləqanda 29 yoluxma faktı aşkarlanıb”.