Xamenei: “Fələstin məsələsinin günahkarları Osmanlı ərazisini öz aralarında bölən Qərb dövlətləridir”

Xamenei: “Fələstin məsələsinin günahkarları Osmanlı ərazisini öz aralarında bölən Qərb dövlətləridir”
06:35 23-05-2020 | icon 118

İranın Ali dini lideri Ayətullah Əli Xamenei Fələstindəki problemlərin əsas günahkarının Birinci Dünya Müharibəsindən sonra Asiyada Osmanlı İmperiyasının torpaqlarını bölən Qərb dövlətlərinin olduğunu deyib:

“Bu faciənin əsas günahkarı Qərb dövlətləri və onların şeytani siyasətidir. Birinci Dünya Müharibəsini qazanan dövlətlər Osmanlı İmperatorluğunun Asiyadakı ərazilərini ən əhəmiyyətli müharibə qəniməti olaraq bölüşdükləri gündə hökmranlıqlarını qorumaq üçün bölgənin mərkəzində etibarlı bir baza yaratmaq ehtiyacını hiss ediblər”.

“Anadolu” agentliyi xəbər verir ki, o, bu barədə Qüds Günü münasibətilə danışarkən bildirib.

Xamenei qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstin və Yəməndəki müsəlmanların qorunması ilə bağlı vəzifəsini yerinə yetirməyib.

ABŞ-ın əsas siyasətlərindən birinin İsrailin bölgədəki vəziyyətinin normallaşdırması olduğuna diqqəti yönəldən Xamenei “Bölgədə ABŞ-ın kölələri kimi davranan bəzi ərəb icmaları da iqtisadi əlaqələr və bənzər şeylər quraraq, bu normallaşma üçün əsas hazırlayırlar. Həmin səylər tamamilə faydasız və yararsızdır. Sionist rejim ölümcül bir xərçəngdir və bu bölgə üçün zərərlidir. Şübhəsiz ki, kökündən çıxarılacaq”, - deyib.

Onun sözlərinə görə, Qərb dövlətləri əvvəlcə Fələstinə, sonra isə bölgə ölkələrinə zərbə vurmağı hədəfləyirlər. Fələstin məsələsi bütün dini və etnik qrupların iştirak edəcəyi referendum yolu ilə həll edilə bilər.