Ağdaş rayonunda DSMF sədri həbs edilib

Ağdaş rayonunda DSMF sədri həbs edilib
13:24 22-05-2020 | icon 187

Ağdaş rayon Dövlət Sosial Müdafiə Fondunun sədri Asif Abdullayev həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fondda xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı fondun sədri A. Abdullayev və məsləhətçi Məharət Əhmədov saxlanılıb. Onlar korrupsiyada ittiham edilir.

Baş Prokurorluq Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində DSMF-nin Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan 1000 manat pulu rüşvət tələb edərək, həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar  müəyyən olunmuşdur.


Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini 21 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.