Goranboyda sakinlərin torpaqlarını zəbt edən şəxslərlə bağlı araşdırma aparılır - VİDEO

Goranboyda sakinlərin torpaqlarını zəbt edən şəxslərlə bağlı araşdırma aparılır - VİDEO
18:56 21-05-2020 | icon 228

Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər aidiyyəti orqanlar tərəfindən araşdırılıb.

milletinsesi.info-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı mayın 14-də Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar şikayət üçün rayon İcra Hakimiyyətinə gəldikləri məlum olub.

Lakin iddialar arasında İcra hakimiyyətinin vəzifəli şəxslərinin qəbul zamanı onları döyüb, Arzu Verdiyevi isə pəncərədən aşağı atdıqları qeyd olunub. Məsələ ilə bağlı kişik araşdırma apardıq. Hadisə şahidlərindən aldığımız məlumata görə, belə bir halın baş verməyib. Onların sözlərinə görə, Arzu Verdiyev və Eldar Musayevin iddiaları əsassızdır.

Goranboyun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək, onların qanunu istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edildiyini bildiriblər. 

Əldə etdiyimiz məlumata görə, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlu açıqlamasında həmkəndlisi Musayev Eldarla icra başçısının birinci müavini Ceyhun Həsənovun qəbuluna getdiklərini deyib. Onun sözlərinə görə, C.Həsənov onları qəbul edib dərdlərini dinləyəcəyini desə də, onları otaq salaraq kobud rəftar edib. A.Verdiyev isə icra başçısının müavini tərəfindən döyülüb, pəncərədən atıldığını iddia edib.

 

Son günlər bəzi kütləvi informasiya vasitələrində Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən guya döyülərək pəncərədən atılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.  

Azərbaycan Respublikası Baş Prokurorluğundan milletinsesi.info-a verilən məlumata görə,  həmin məlumatlarla bağlı dərhal araşdırmanın aparılması təmin edilib.  

Müəyyən olunub ki, cari il mayın 13-də saat 11 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının guya kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gəliblər. Sivil qaydalara zidd olan davranış nümayiş etdirərək onları sülhə dəvət edən ətrafdakı insanları nalayiq ifadələrlə təhqir ediblər. Onlar öz davranışları ilə vətəndaşların qəbulunun keçirilməsi işini pozublar.  

Münaqişənin sakitləşdirilməsi məqsədilə çıxan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov onları etik normalara riayət etməyə dəvət edib. Eldar Musayev onun müraciətinə məhəl qoymayaraq qeyri-etik davranışını davam etdirib. Arzu Verdiyev isə İcra Hakimiyyətinin nümayəndələrinə hədə-qorxu gələrək onları nalayiq ifadələrlə təhqir edib. Onlara müraciətləri ilə əlaqadar qanunamüvafiq tədbirlərin görüləcəyi barəda izah verilərkən Arzu Verdiyev başı ilə otağın pəncərəsini sındırıb, sonra özünü inzibati binanın birinci mərtəbəsindəki pəncərədən yerə atıb.  

Rayon prokurorluğunun işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin olunub və hadisəyə şahid olmuş şəxslərin izahatı alınıb. 

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Rayon məhkəməsinin qərarı ilə Arzu Verdiyevin barəsində 10 gün müddətinə inzibati həbs seçilib, Eldar Musayev isə inzibati qaydada cərimə edilib. Həmçinin müəyyən edilib ki, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev va Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.  

Qeyd olunanları nəzərə alaraq bildirilir ki, konkret faktlara əsaslanmayan və dəqiqləşdirmə aparmadan bu cür məlumatları yaymaqla kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri qərəzli şəkildə ictimai rəyi çaşdırır və ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərə xələl gətirirlər. Azərbaycan Respublikası Baş Prokurorluğu xəbərdar edir ki, ictimai-siyasi sabitliyi pozmaq məqsədini daşıyan bu cür halların təkrar olunacağı təqdirdə müvafiq şəxslərin əməllərinə hüquqi qiymət veriləcək, qanuni əsaslar olduqda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.