Havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb

Havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb
17:49 21-05-2020 | icon 156

“Sahil boyu və digər rayonlarımızda çirkab sularının qeyri-düzgün idarə olunması müşahidə olunur. Bununla bağlı müxtəlif layihələr işlənir”. milletinsesi.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, əksər regionlarda “Azərsu” ASC tərəfindən bu işlərə başlanılıb: “Xüsusən bizi narahat edən məqam Abşeron yarımadası, Xəzər dənizi sahilboyu ərazilərdə yenə də çirklənmələrin olmasıdır. Sahil zolaqlarında yerləşən iaşə obyektlərində, xüsusən Hövsan, Sumqayıt tərəfdə və bir neçə nöqtədə narahatedici məqamlar var. Bununla bağlı “Azərsu” ASC tərəfindən müvafiq xəbərdarlıqlar edilib.

Bir neçə ildir ki, nazirlik tərəfindən çirkləndiricilərə qarşı barışmaz mövqe nümayiş etdirilir. Bir neçə çirkləndiricilər barədə məhkəmələrə də müraciət etmişik və onlar cərimə olunublar. Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb”.

Onun sözlərinə görə, xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb: “Diaqramlardan da göründüyü kimi, 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə, nəzərəçarpacaq dərəcədə azdır. Buna karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması səbəb olub”.

O qeyd edib ki, karantin dövründə tətbiq olunan məhdudlaşdırmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib: “Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”.