Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı

Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı
12:49 20-05-2020 | icon 900

“Nazirlər Kabinetinin imzaladığı qərara əsasən, əgər tələbə tədris planını tamamlayıbsa, eyni zamanda, akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq”.

milletinsesi.info-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

O qeyd edib ki, attestasiya tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən aparılacaq: “Bəzi ixtisaslarda buraxılış işinin müdafiəsi var və tələbə buraxılış işini universitetə təqdim etməlidir. Buraxılış işini təqdim edən tələbə ona təklif olunan ümumi orta müvəffəqiyyət göstəricisi ilə razılaşmasa, onun hüququdur ki, universitetə müraciət etsin. Bundan sonra tələbə qiymətini yaxşılaşdırmaq üçün buraxılış işini müdafiə edə biləcək”.

Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib ki, yeni qaydalara görə, tələbənin bir və ya bir neçə fəndən akademik borcu yaranarsa, ona həmin fənlərdən təkrar imtahan vermək üçün şans yaradılacaq. 

Onun sözlərinə görə, əvvəllər tələbəyə maksimum iki fəndən təkrar imtahan verməyə icazə verilirdi: “Yeni qaydaya görə, bu məhdudiyyət aradan qaldırılıb və limit yoxdur. Tələbə kəsiri yaranan fəndlərdən heç bir məhdudiyyət olmadan növbəti semestrə qədər imtahanda iştirak edəcək və bu imtahanlar ödənişsiz olacaq.

Əvvəllər tələbə kreditin 25 faizini ödəyib təkrar imtahanda iştirak edirdi. Əgər tələbənin əvvəlki illərdən kəsiri qalıbsa, o zaman onun həmin fənlərdən də imtahan verməsinə şərait yaradılacaq.

Lakin burada məhdiyyət qoyulub. Tələbə əvvəlki illərdən qalan maksimum iki fəndən yenidən imtahan verə bilər. Əgər tələbənin yay imtahan sessiyasında üç fəndən akademik borcu yaranırsa, sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməsə, yəni kəsildiyi fənlərdən yenidən imtahan verməsə, o halda həmin tələbə təqaüddən məhrum olunacaq”.

Onun sözlərinə görə, sentyabrın 15-dək tələbə kəsildiyi fəndən imtahan verib nəticəsini düzəldə bilərsə, təqaüd almaq müsabiqəsində iştirak edə biləcək:

“Lakin əvvəl belə şans verilmirdi. Bu, o demək deyil ki, o təqaüd alacaq. Bilirik ki, təqaüd almaq üçün müəyyən limit var”.