"Dünyanın altıda birinə nəzarət edən ittifaqın Siyasi Bürosunda təmsil olunan azərbaycanlı" - İLHAM İSMAYILOV

"Dünyanın altıda birinə nəzarət edən ittifaqın Siyasi Bürosunda təmsil olunan azərbaycanlı" - İLHAM İSMAYILOV
11:01 10-05-2020 | icon 5689

İlham İsmayılov: "Bu təkcə bizim üçün deyil, eləcə də hər bir türk üçün qürurverici idi"

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ili tamam olur. Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətləri, Azərbaycan naminə gördüyü işlərlə bağlı Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılovla söhbətləşdik. ATXƏM sədri "OLAYLAR"-a verdiyi müsahibədə son günlər ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan uğurlu əməliyyatlardan da danışıb.

-İlham müəllim, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd edirik. Ulu öndərin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini qısa olaraq necə dəyərləndirərdiniz?

-Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin mayın 10-da 97-ci doğum günü tamam olur. Öncəliklə ulu öndərə Allahdan rəhmət diləyir, ümummilli liderin xatirəsini yüksək ehtiramla yad edirik. O ki, qaldı Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinə dediyiniz kimi qısaca nəzər salmaq, hesab edirəm ki, ulu öndərin qeyd edilən istiqamətdəki fəaliyyətləri o qədərt geniş və çoxşaxəli, əhatəlidir ki, həmin fəaliyyətləri bir müsahibəyə yerləşdirmək qeyri-mümkündür.

Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən saatlarla, günlərlə danışmaq, əsərlər yazmaq olar. İstər Azərbaycanda Mərkəzi Komitənin birinci katibi kimi çalışarkən, istər Moskvada Siyasi Büroda işlədiyi illər, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ilə yaxın bir zaman ərzində Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsiz olub.

Ulu Öndərin sovet imperiyası dönəmindəki fəaliyyəti, xalqımıza göstərdiyi xidmət, Azərbaycanın çiçəklənməsi yönündə atdığı addımlar hamımıza məlumdur. Dünyanın altıda birinə nəzarət edən bir ittifaqın, keçmiş SSRİ-nin Siyasi Bürosunda təmsil olunan 5 nəfərdən birinin azərbaycanlı olması təkcə bizim üçün deyil, eləcə də hər bir türk üçün qürurverici idi.

Hər halda müstəqillik illərindən sonra türk dünyası ilə qurulan əlaqələr zamanı keçirilən görüşlərdə bu fikirlər açıq şəkildə ifadə edilirdi. Ona görə də düşünürəm ki, bu bir tarixdir və daima öyrənilməlidir. Ulu Öndərin həyatının ən gözəl dövrü isə fikrimcə onun müstəqil Azərbaycana göstərmiş olduğu misilsiz xidmətlərdir. 1993-cü il iyunun 15-dən başlayan bu tarix müstəqilliyimizin var olmasında, möhkəmlənməsində xüsusi rol oynadı.

1993-cü ilin iyunu Azərbaycanın bir dövlət kimi məhv olub tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldığı dövr kimi səciyyələnir. XX əsrin 70-ci illərindən başlayaraq qurduğu, hər daşında, hər abidəsində, hər iqtisadi strukturunda gərgin zəhməti olan dövlətin rəzil oyunların qurbanına çevrilməsi Heydər Əliyevi narahat etməyə bilməzdi. 

Təcrübəli dövlət xadimi, dünya siyasətində xüsusi çəkisi olan şəxsiyyət kimi Heydər Əliyev bu proseslərə müdaxiləsinin Azərbaycanda geopolitik maraqları olan xarici təcavüzkar dairələri daha da aqressivləşdirəcəyini hesablamamış deyildi və heç şübhəsiz, heç bir siyasi iddiasının olmamasına rəğmən, onu özünə rəqib sayanların hansı qəbil siyasi ajiotajlara, hansı çirkin təbliğat üsullarına əl atacaqlarını da bilirdi.

Amma xarici dairələrin nəzarətində olan siyasi hərbi müxalifət  həmin dövrün səriştəsiz iqtidarını vətəndaş müharibəsinə təhrik edəndə, o, xalqının təkidli xahişlərinə cavab verməyi, tarixi məsuliyyəti öz üzərinə götürməyi özünə borc bildi.

Və bu zaman Heydər Əliyev üçün bu və ya digər maraq quruplarının nəzarətində olan təbliğat maşınının necə işləməsinin əhəmiyyəti yox idi. Çünki ortada onun Azərbaycanının, onun Vətəninin, onun dövlətinin, onun xalqının taleyi var idi.

-Səhv etmirəmsə siz hətta Heydər Əliyevi bu dövrdəki fəaliyyətlərinə görə  Nuru Paşayla da eyniləşdirirsiniz...

-Tamamilə doğru qeyd edirsiniz. Əgər XX əsrin əvvəllərində, daha dəqiq desək 1918-ci ildə, sentyabr ayının 15-də Nuru Paşa öz əsgərləri, Qafqaz İslam Ordusu ilə Azərbaycana gəlib bizi məhv olmaq təhlükəsindən xilas etdisə, eyni xilaskarlıq missiyasını XX əsrin 90-cı illərində, 1993-cü ilin iyun ayında Heydər Əliyev həyata keçirdi. Hər iki dahi şəxsiyyət Azərbaycanı məhv olmaq, xarici dairələrin nəzarəti, istilası altına düşmək təhlükəsindən xilas etdi.

Necə ki, Nuru Paşa Azərbaycana dəvət edilərkən qarşısına yalnız bir məqsəd qoymuşdu, Bakını bolşevik-erməni işğalından azad etmək, eləcə də Heydər Əliyev xalqın çağırışını qəbul edərək Bakıya gələndə yalnız bir məqsədə, mərama xidmət edirdi. Azərbaycanın müstəqilliyinin əldən verilməməsi.

-Bir qayda olaraq rəhbərlik etdiyiniz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ümummilli liderin doğum günü ərəfəsində silsilə tədbirlər təşkil edərdi...

-Rəhbərlik  etdiyim Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi hər il ümumilli liderin anadan olmasını silsilə tədbirlərlərlə qeyd edib.

Təəssüf ki, bu il baş verən pandemiya səbəbindən bu günü təntənəli şəkildə geniş qeyd edə bilmirik.  Ümid edirik ki, 15 iyuna kimi ölkəmizdə olan pandemiya şəraiti bitəcək və biz Qurtuluş Gününü geniş formada qeyd edə biləcəyik.

-Pandemiyadan söz düşmüşkən, ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizəni necə dəyərləndirərdiniz?

-Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizə və əldə edilən nəticə göz qabağındadır. Düzdür, son günlər bir çox vətəndaşlarımızın məsuliyyətsiz davranışları səbəbindən yenidən koronavirusa yoluxanların sayında artım qeydə alınmağa başlayıb. Dövlət və onun müvafiq qurumları bu istiqamətdə öz üzərilərinə düşən vəzifəni yerinə yetirir.

Azərbaycan vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi üçün bütün zəruri addımlar atılır. Risk qrupuna daxil olan vətəndaşlarımıza dövlət tərəfindən zəruri yardımlar edilir. Bir sözlə dövlət koronavirusa qarşı mübarizə məqsədilə üzərinə düşən bütün vəzifələri ən yüksək səviyyədə həyata keçirir.

Eyni zamanda ölkəmiz pandemiyaya qarşı beynəlxalq səviyyədə əmıəkdaşlığa da öz töhfəsini verir. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, bu günlərdə isə Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə məqsədilə videokonfrans formatında zirvə görüşünün keçirilməsi deyilənlərin əyani sübutudur.

-Ancaq bu arada ölkədə bir mənfi tendensiya da müşahidə edilir. Belə ki, bəzi icra hakimiyyəti rəhbərləri pandemiya dövründə dövlətin sakinlərə ayrımış olduğu yardımları mənimsəyir, onlara sahib çıxır. Hər halda Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatlar belə deməyə əsas verir. Ümumiyyətlə, qeyd etdiyimiz bu tendensiyaları necə qarşılayırsınız?

-Dövlətin, xalqın malını talamaqla məşğul olan, dövlət başçısı tərəfindən göstərilən etimadı doğrultmayan, korrupsiya və rüşvətə bulaşmış məmurlara, icra hakimiyyəti başçılarına qarşı həyata keçirilən əməliyyatlar, onların vəzifədən uzaqlaşdırılması, həbsqətimkan tədbirlərinin seçilməsi bütün cəmiyyət tərəfindən müsbət qarşılanır.

Həyata keçirilən əməliyyatlar, həbslər ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin yeni mərhələsidir. Hansı ki, bu kimi neqativ hallara qarşı mübarizənin də təməli deyərdim ki, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdu.

Hələ Azərbaycanda Mərkəzi Komitənin birinci katibi işləyən zaman ümummilli lider kölgə iqtisadiyyatının, yüksək vəzifəli şəxslərin övladlarının hüquq fakultəsinə daxil olmasının qarşısını almışdı. Ümummilli lider gözəl bilirdi ki, vəzifəli şəxslərin övladları sözügedən fakultəyə pulla daxil olurlar.

Rüşvət verməklə tələbi adını qazanan həmin şəxs də vəzifə sahibi olduqdan sonra istər-istəməz korrupsiyaya, rüşvətə meyillənəcək.  Eləcə də Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da korrupsiya və rüşvətxorluğa qarşı səmərəli, sistemli mübarizə aparmağa başladı.

Ayrı-ayrı məmurların sahibkarlar, iş adamlarına qarşı qeyri-qanuni hərəkətləri, onlardan rüşvət tələb etmək kimi əməllərinin qarşısı alındı. Yaxşı xatirimdədir ki, 2001-ci ildə ulu öndər ölkə sahibkarları ilə görüş keçirirdi və ümumi müzakirələrdən sonra Heydər Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin jurnalistlərin görüş zalından çıxarılmasını istədi.

Səbəb də o idi ki, sahibkarlar heç kimdən qorxub, çəkinmədən problemlərini, üzləşdikləri qeyri-qanuni müdaxilələri prezidentə çatdıra bilsinlər. Həmin görüşdən qısa müddət sonra sahibkarlara qarşı qeyri-qanuni müdaxilələr, yoxlamalar, onların əsassız olaraq incidilməsinin qarşısının alınması barədə qərarlar qəbul edildi. Bu gün də həmin siyasət, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə mübarizə uğurla davam edir.

Hesab edirəm ki, dövlət başçısının başlamış olduğu bu fəaliyyətə cəmiyyət, vətəndaş olaraq biz də yaxından dəstək olmalıyıq. Çünki Cənab Prezident özü də hər zaman bəyan edir ki, vətəndaş nəzarəti olmalıdır və insanlar üzləşdikləri problemlər barədə müvafiq qurumlara məlumat verməlidirlər.

Son hadisələr bir daha göstərdi ki, ölkədə peşəkarlaşmış rüşvətxor dəstə, qurum var. Bunların sırasında icra hakimiyyəti başçıları ilə yanaşı, şəhər-rayon prokurorları, rəisləri də var. Qurd ağacı içindən yeyən kimi belə şəxslər dövlətçiliyə zərbə vurur, onu inkişafdan saxlayır, insanlarda ümidsizlik yaradır, beynəlxalq aləmdəki nüfuzumuza zərbə vururlar.

Belə korrupsioner, rüşvətxor məmurlara qarşı ümumxalq mübarizəsi lazımdır. Çünki peşəkarlaşmış rüşvətxor bir qruplaşma, dəstəyə qarşı mübarizə aparmaq kifayət qədər çətindir.

Tam əminliklə deyirəm ki, dövlət, dövlətçiliyin müdafiəsində prezidentin yanında olan insanlar bu kimi mənfi tendensiyalara qarşı münarizədə də dövlət başçısının yanında yer alacaq, ona dəstək verəcəklər.