Əli Hüseynli Azərbaycan-İran sazişinə aydınlıq gətirdi 

Əli Hüseynli Azərbaycan-İran sazişinə aydınlıq gətirdi 
18:56 08-05-2020 | icon 4590

- Son günlərdə yerli mətbuatda  Azərbaycanla İran arasında Araz çayı üzərində Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında müzakirələr yaranıb. Bildirilir ki, bu məsələ ilə bağlı Azərbaycan və İran Hökumətləri arasında Saziş də imzalanıb. Sazişdə nə deyilir?

- Birincisi, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir, bu barədə Azərbaycan və İran arasında beynəlxalq sənəd imzalanıb. 

İkincisi, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi bir daha dəqiq formada təsdiq edilir.

Üçüncüsü isə, Saziş hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir. Yəni hər iki hidroqovşaqdan və su elektrik stansiyalarından istifadə yalnız Azərbaycana və İrana məxsusdur.

Bütün bunlarla yanaşı, hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan sonra suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaq. Yəni su elektrik stansiyalarından üçüncü dövlətin istifadəsi mümkün deyil. Saziş və ya sazişin müddəaları ilə tanış olmaq istəyənlər e-qanun.az internet səhifəsinə daxil olaraq beynəlxalq sənədlə tanış ola bilərlər. 

- Bəs sizcə bu qurğuların tikintisi hansı zərurətdən irəli gəlir və indiki geosiyasi vəziyyətdə İran-Azərbaycan münasibətlərinə bu məsələ necə təsir göstərə bilər?

- Qeyd edilən hidroqovşaqların tikilməsi məsələsi yeni məsələ deyil. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli saziş bağlanıb və həmin sazişə əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılıb və layihələr yenidən işlənib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq dayandırılmışdır. Sonrakı dövr ərzində yuxarıda qeyd edilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfidən aparılıb.

2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb və məhz iki dövlət arasında dostluq münasibətlərinin nəticəsində baş tutub. 

- Bəs nə üçün bu Saziş dörd il sonra mətbuatın gündəminə düşüb? Bunun səbəbi nədir?

- Görünür, həmin ərazilərdə aparılan intensiv işlər Ermənistan və ölkəmizə düşmən mövqeyi tutanları qıcıqlandırıb. Eyni zamanda yerli ictimaiyyətdə bu məsələ ətrafında gedən proseslərə nəzər saldıqda dövriyyəyə buraxılmış bir sıra fikirlərin məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan qaynaqlandığını demək mümkündür. Həmçinin, bu, məsələyə münasibət bildirən bir sıra “ekspertlərin” siyasi və hüquqi savadının aşağı səviyyədə olmasıdır. Lakin bilərəkdən bu kampaniyada iştirak etmək və ya tərkib hissəsi olmaq yolverilməzdir. 

Məsələ isə kifayət qədər aydın və birmənalıdır. 2016-cı ilin fevral ayında imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, bəyanat, beynəlxalq təşkilatların qətnamələri və xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir.