Biz Sizlərdən İlhamlandıq, Siz qürur mənbəyimizsiniz!

Biz Sizlərdən İlhamlandıq, Siz qürur mənbəyimizsiniz!
13:00 08-05-2020 | icon 2094

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Faşizmi üzərində qələbədən 75 il ötür. İkinci Dünya müharibəsində əldə edilən bu tarixi qələbəyə Azərbaycan xalqı əvəzsiz böyük töhfələr veribdir. Qəhrəman xalqımız ön cəbhədə və arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümayiş etdirib.

176 mindən çox azərbaycanlı döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi igid övladlarımızın cəsurluğunun nümunəsidir.

Böyük Vətən Müharibəsi iştirakçıları hər zaman xalqımızın qürur və fəxr ünvanı olmuşdur. Təəssüf ki, resblikamız müstəqillik qazandığı ilk illərdə hakimiyyətə gələn səriştəsiz AXC-Müsavat cütlüyü veteranlara diqqət və qayğını unutdu, hətta bu tarixi günu ləğv etməyə çalışdı. Böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyev Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra milli iftixarımız olan müharibə veteranlarına qayğı yenidən bərpa olundu. Ümummilli liderin sərəncamı ilə mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə başlandı.

dunya45

Bundan sonra müharibə veteranlarının və müharibədə həlak olanların ailələrinə davamlı qayğı göstərildi, onların sosial-məişət şəraiti, maddi rifahı yaxşılaşdırıldı, müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildi.

Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərilən diqqət və qayğı Pezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2014-cü il 30 aprel tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları dediklərimizə real nümunədir.

Hər il Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilir, müharibə iştirakçılarına minik maşınları verilir. İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə də təmin olunurlar.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər il mayın 9-da Böyük Vətən müharibəsi veteranları ilə görüşür, onların qayğıları ilə maraqlanır, səmimi söhbətlər edir. Bu, həmin insanlara olan ən böyük hörmətin ifadəsidir.

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını daim diqqətdə saxlayır, müntəzəm olaraq onların problemləri ilə maraqlanır, qayğı göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütamadi olaraq veteranlarla görüşür, onlara yardım göstərir, tədbirlər keçirir.

Bu müharibənin iştirakçıları, sözün həqiqi mənasında, qəhrəmanlıq salnaməsi yaradıblar, yer üzündə sülh və ədalət naminə vuruşublar, qələbə qazanıblar. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadı, Gəray Əsədov, Ziya Bünyadov və digər Sovet İttifaqı Qəhrəmanlarımız bizim şərəf tariximizdir. Bu cəsur döyüşçülərin davamçıları olan Milli Qəhrəmanlarımız - Mübariz İbrahimov, Raquf Orucov, Əlif Hacıyev, Yuri Kovalyov, Albert Aqarunov, Şirin Mirzəyev və neçə-neçə nər oğullarımız erməni faşizminə qan uddurmuş, qəhrəmanlıq salnaməmizə adlarını qızıl hərflərlə yazdırmışlar.

Bu gün cəsur Azərbaycan Ordusunun əsgərləri 75 il əvvəl qəhrəmanlıq göstərmiş atalarımızın, babalarımızın şücaətindən İlhamlanaraq torpaqlarımızı erməni faşistlərindən azad etmək üçün Ali Baş Komandandan əmr gözləyirlər.