DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib
13:10 08-05-2020 | icon 15838

Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Bununla bağlı DTX məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri nəticəsində Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov saxlanılıb. Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb.

İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

Nazirin müavini Rafiq Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir. Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.

əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov da var.

Qafqazinfo-nun məlumatına görə, Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət işçiləri ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, C.Məlikov həmin şəxslərə bölgələrdə və Bakı ərazisində fəaliyyət göstərən mədəniyyət evlərində rəhbərliyə gətirilmə ilə bağlı müəyyən vədlər verib. Qarşılığında isə onlara şərt qoyub.

Belə ki, direktor seçiləcək incəsənət xadimi təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələlərini öz üzərinə götürməli imiş. 

Bu təkliflə razılaşan tanınmış simalar az deyil, onların arasında artıq sözügedən vəzifələrə təyin olunanlar da var. 

Məlum olub ki, C.Məlikov hesabatlarında təmirə ayrılan vəsaitlərin nazirliyin büdcəsindən xərcləndiyini qeyd edib.

DTX Zakir Sultanovu da saxladı

Zakir Sultanov 2014-cü ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidentinin 18.12.2014-cü il tarixli 409 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyir.

Sultanov Zakir İmran oğlu 11 aprel 1968-ci ildə Bakı şəhərində anadan olub.

1985-ci ildə Bakı şəhərində 6 nömrəli orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsində ali təhsil almışdır.

1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.

1991-2006-cı illərdə Xətai Rayon İcra Komitəsində və Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Müfəttişliyində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. 

2006-2008-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Bərpa-tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyi”nin direktoru, 2008-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləmişdir.

Bu təşkilatlara rəhbərlik etdiyi dövrdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mədəniyyət sarayları və teatr ocaqlarında, musiqi məktəblərində, o cümlədən Heydər Əliyev Sarayında, Bakı şəhəri, "Milli Park" ərazisində "Muğam Evi"ndə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Film Fondunda, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Azərbaycan Dövlət Xalça Muzeyində, Bakı şəhərində Milli İncəsənət Muzeyində, Şəki şəhərində “Aşağı Karvansaray”da, Şəki Dövlət Dram Teatrında, Qəbələ Mədəniyyət Evində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ağdam Dövlət Dram Teatrında, Bərdə şəhərində Uşaq İncəsənət Məktəbində və demək olar ki, Azərbaycanın əksər rayonlarında mədəniyyət ocaqları və uşaq incəsənət məktəblərində müasir tələblərə cavab verən tikinti, əsaslı təmir, bərpa-yenidənqurma və konservasiya işləri həyata keçirilmişdir. Bir çox obyektlərin açılışında Azərbaycan Respublikası Prezidenti iştirak etmişdir və görülən işləri yüsək dərəcədə qiymətləndirmişdir.

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 

DTX-nın həbs etdiyi nazir müavini haqda maraqlı məlumatlar

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov ölkə başçısı İlham Əliyevin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.  

48 yaşlı nazir müavini 1989-cu ildə Bakıdakı 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində (BDU) təhsil alıb və ali təhsilini də fərqlənmə diplomu ilə başa vurub. 

Rafiq Bayramovun əmək fəaliyyətinə gəlincə, BDU-da təhsil aldığı müddətdə universitetin "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib.

1998-1999-cu illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib.

2001-2003-ci illərdə isə Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə  Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi , 2006-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi işləyib. 2014-cü ildən nazir müavini təyinatına qədər Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 

Rafiq Bayramov həmçinin 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədri olub.