Böhran dövrünün reallığı: Peşəkar media sosial medianı harada və necə üstələyir? 

Böhran dövrünün reallığı: Peşəkar media sosial medianı harada və necə üstələyir? 
10:49 11-04-2020 | icon 21452

2008-ci il dünya maliyyə böhranı zamanı müşahidə olunan dəyişikliklərdən biri də qəzetlərin tirajının yüksəlməsi idi. Ekspertlər bunu onunla izah edirdi ki, artıq rahat, sabahkı gündən arxayın həyat başa çatıb, insanlar hər gün birjalarda, siyasət və iqtisadiyyat dünyasında baş verən dəyişiklikləri izləməyə başlayıb.

Bu, faktdır ki, dünyada və ölkədə qlobal, ciddi əhəmiyyətli hadisələr olanda insanların mediaya diqqəti artır. Çünki hamı nə baş verdiyini, yaxud baş verənlərin gerçək səbəblərini öyrənməyə çalışır. Hətta Azərbaycanda belə, hər nə qədər mətbuat oxucusunun sayı az olsa da, seçkilər və aktiv siyasi hadisələr zamanı qəzetlərin tirajı yüksəlir, saytlara giriş artır.

2008-ci ildən sonra dünyanın növbəti narahatlığı koronavirus pandemiyası ilə başladı. Hətta hazırkı pandemiya 10 il əvvəlki böhrandan daha təsirli və genişmiqyaslıdır. Üstəlik, indi dünya maliyyə böhranından fərqli olaraq, əksər ölkələrdə karantin rejimi və sərbəst hərəkətə məhdudiyyət qoyulub. Bu səbəbdən də evlərinə qapanan insanların mediaya diqqətinin artması təbii qarşılanmalıdır. Lakin hazırda medianın çox ciddi rəqibi var: Sosial şəbəkələr.

Hətta son illərdə bir çox ciddi ekspertlər düşünürdü ki, sosial media ənənəvi medianı sıxışdırıb çıxarır. Bunun üçün müəyyən statistika, aktivlik və sair kimi meyarlar göstərilirdi.

Əlbəttə, sosial medianın əhatə dairəsi, sürəti peşəkar medianı üstələyir. Üstəlik, məkan daha sərbəst, məsuliyyət daha az olduğu üçün burada xəbər çeşidi, alternativlər daha çoxdur. Bu səbəbdən də bütün dünyada sosial medianın ənənəvi medianı sıxışdırması, tirajını əlindən alması tendensiyası müşahidə olunurdu.

Bu reallığı peşəkar media da qəbul edib. Bu səbəbdən də bir çox qəzetlər, informasiya agentlikləri və portallar sosial media səhifələrindən aktiv istifadə edir, bu platformadan oxucu cəlb etməyə çalışırıdı.

Lakin son hadisələr göstərdi ki, istənilən halda sosial media, şəbəkələr peşəkar media ilə rəqabətə davam gətirə bilməz. Bu, özünü daha çox hazırkı fövqəladə vəziyyətlərdə açıq şəkildə göstərir. Bu fərq nələrdən ibarətdir?

Birincisi, peşəkar mediadan fərqli olaraq, sosial medianın məlumatları araşdırmaq, mənbəyə suallar ünvanlamaq, əlavə faktları ortaya çıxarmaq kimi bir imkanı və təcrübəsi yoxdur. Burada, sadəcə, “birinci əl” məlumatlar çıxır və nadir hallarda geniş araşdırma ola bilər. Bunun əksinə olaraq, peşəkar media faktları birinci əldən almaq, bununla bağlı əks fikirləri, mütəxəssis rəylərini peşəkar şəkildə hazırlayıb təqdim etmək imkanındadır və bu məsələdə sosial media onunla yarışa bilmir.

İkinci mühüm məsələ məlumatların etibarlılığı ilə bağlıdır. Xüsusən son hadisələr göstərdi ki, kütləvi şayiələrin, saxta məlumatların yayılması üçün ən rahat vasitə sosial mediadır. Bəzən məqsədli, bir çox hallarda isə ağızdan ağıza yayılan şayiələr cəmiyyətdə çaşqınlıq, hətta xof yarada bilir. Yəni daha sadə ifadə etsək, sosial media məlumatları etibarsızdır, onun arxasında məsuliyyət daşıyacaq qurum və ya şəxs yoxdur. Bunun əksinə, peşəkar media xəbərə görə həm rəsmi qurumlar, həm də cəmiyyət qarşısında ictimai və sosial məsuliyyət daşıyır, yalan məlumatlara görə oxucusunu itirmək təhlükəsi var. Bu səbəbdən media bu məsələdə daha etibarlı və təsdiqlənmiş məlumat mənbəyidir.

Pandemiya dövründə internet saytlarına, xüsusən də ciddi, etibarlı media orqanlarına müraciətlərin sayı artıb. Bunu istənilən şəxs hazırkı və pandemiyadan əvvəlki baxış statistikalarını müqayisə etməklə görə bilər. Statistika bariz şəkildə bunu göstərir.

Bu isə həm də o deməkdir ki, hər nə qədər obyektiv və subyektiv səbəblərdən peşəkar media sosial medianın qarşısında “ağır zərbələr” alsa da, hələ də güclüdür və ən əsası, rəqabətə davam gətirmək iqtidarındadır.

Təbii ki, bu mərhələdə ciddi ələnmə gedəcək, rəqabətə davam gətirə bilməyən, sosial media qarşısındakı ciddi və etibarlı xəbər, yazı, müsahibə, analizlər təqdim edə bilməyən media orqanları sıradan çıxacaq.

Üstəlik, yuxarıda qeyd etdiyimiz kimi, peşəkar medianın sosial mediadan fərqli olaraq, daha məsuliyyətli olmaq, müəyyən qadağalara əməl etmək kimi bir öhdəliyi var. Amma istənilən halda, bütün sahələrdə olduğu kimi, peşəkar media hələ də ən ciddi və etibarlı mənbə olaraq yerini qoruyub saxlayacaq. Çünki indi zaman peşəkarların xeyrinə işləyir.

Rəşad Quliyev