Sahil Babayev: “Sığorta haqlarının yığımlarında azalmalar olacaq”

Sahil Babayev: “Sığorta haqlarının yığımlarında azalmalar olacaq”
18:21 07-04-2020 | icon 298

"Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində 200 milyon manatlıq ehtiyatı yaranmışdı. Bu ehtiyat bu il sosial ödənişlərin dayanaqlığına yönəldiləcək”.  

milletinsesi.info-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar aprel və may aylarında sığorta haqlarının yığımlarında azalmaların olacağını gözləyirik:

“Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığımız”la konpensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik olmayacaq.

Mart ayında 2 milyon 300 mindən çox insana beş yüz milyon manatdan artıq ödənişlər Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub. Aprel ayında da belə olacaq”.

“Artıq sabahdan etibarən ödənişlərə başlanacaq. Bu, 500 milyondan manatdan artıq vəsaitdir. 2 milyon 300 min insanın içərisində 700 min insanımız 65 yaşdan yuxarı şəxslərdir. Karantin müddəti uzandığı halda, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək”. 

Nazirin sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə veriləcək:

“Əgər ailədə iki nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”.Bu ilin əvvəlinə Azərbaycanda işsiz əhali beş faiz təşkil edirdi ki, bu da 250 min insan idi. Onların 90 min nəfəri ötən ilin dekabrında qeydiyyata düşmüşdü. Yanvarın 1-nə olan məlumata əsasən,101 min insan qeydiyyata düşüb."

Onun sözlərinə görə, hesablamalara əsasən, 250 min insanın 50 mini ödənişli iş yerlərinə yönəldiləcək:

“Təqribən 200 min insanı bu vasitə ilə dəstəkləyə biləcəyik. Lakin müraciətlərin analizi göstərəcək ki, bu insanlardan nə qədəri sosial ödəniş almır. Onlar qeydiyyata düşdükcə onların hansısa müavinət, pensiya və subsidiya və ya başqa ödənişlər alması məlum olacaq.

Bunun üzərindən real rəqəmi deyə biləcəyik. Bu gün biz bilmirik ki, kim harada işləyir. Yalnız əmək müqaviləsi ilə işləyənləri bilirik”. 

Nazir bildirib ki, son 10 gündə əmək müqavilələrinin sayının 30 min artmasının iki səbəbi var:

“Birinci səbəb odur ki, əməkhaqqı fonduna görə dövlət dəstəyinin verilməsi idi. İkinci isə çölə çıxmağa görə işçilərə icazələrin alınması ilə əlaqə idi”.

“İşsiz şəxslərin məşğulluğunun təmin edilməsi üçün ödənişli iş yerlərinin sayı 50 min artırılır. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlər və rayonlar üzrə bölgü müəyyən edilib. Gələn həftədən etibarən bu şəxslərin 50 min iş yerinə cəlb edilməsi prosesinə başlanılacaq. Məşğulluq altsistemində işsiz statusu almış şəxslərə yaşayış minimumu məbləği, yəni 190 məbləğində ödəmənin həyata keçirilməsi nəzərdə tutulur:"

“Bu tədbirlər işsiz və pandemiya nəticəsində iş yerini itirərək, işsiz statusuna düşən şəxslərin müdafiəsinə yönəlib. Özünməşğulluq proqramının icrasına başlanılıb. Üç minə yaxın insan təlimlərdən keçərək, layihəyə cəlb edilib”.

“Bu il ən azı 11 min insanı özünüməşğulluq proqramı ilə əhatə etməyə çalışacağıq”, - deyə nazir qeyd edib.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini açıqlayıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq. 

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini  http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.