Azərbaycana koronavirus üçün ekspres testlər gətiriləcək? 

Azərbaycana koronavirus üçün ekspres testlər gətiriləcək? 
22:21 23-03-2020 | icon 613

“Ölkədə bu gün kifayət qədər test var, əlavə testlərin də gətirilməsi nəzərdə tutulub”. Milletinsesi.info-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən laboratoriyalarda koronavirusla bağlı müayinələr aparılır: “İlk olaraq Azərbaycana Türkiyədən testlər gətirdik. Ondan sonra ÜST və digər qurumlar tərəfindən testlər gətirilib”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva koronavirusla bağlı digər ölkələrdə tətbiq edilən ekspres testlərlə bağlı məsələyə də aydınlıq gətirib:

“Bu testlərin heç biri ÜST tərəfindən təsdiqlənmədiyi üçün daha dəqiq metodla testlərin aparılmasına üstünlük verilir”.

Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, koronavirusa yoluxanlardan 30-a yaxını xaricdən gələn şəxslərdir.

Onun sözlərinə görə, digərləri ölkə daxilində yoluxanlardır. O əlavə edib ki, koronavirusa yoluxanlar arasında xaricdən təxliyyə edilən şəxslər də var.O qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər üç nəfər koronavirusa yoluxub:

“Həmin şəxslərin vəziyyəti normaldır. Onlar yaxın günlərdə evə buraxılacaq. Fevralın axırı-martın əvvəli koronavirus xəstəliyi xaricdən gələn vətəndaşlarla ölkəyə idxal olunurdu. Ondan sonra xəstəlik halları ölkə daxilində qeydiyyata alınmağa başladı”. 

Onun sözlərinə görə, cənub zonasında xəstəliyə yoluxma daha çoxdur:

“Bu da sərhədlərin tam bağlanmaması ilə əlaqədar idi. Müəyyən sayda soydaşımız İrandan daxil olmuşdu, çox güman ki, onlar arasında xəstəlik daşıyıcıları da var idi. Ona görə böyük miqyasda testləşmə nəticəsində bunları aşkar edirik. 10 min nəfərdən artıq şəxsin testləri laboratoriyada yoxlanılıb”.

O qeyd edib ki, ölkə üzrə 72 koronavirusa yoluxma halı aşkar olunub: “Onlardan 10 nəfəri sağalıb. Bir nəfəri isə vəfat edib”.

Nazir müavini əlavə edib ki, hazırda karantində 1000 nəfər saxlanılır.

Xəstəlik çox hallarda yüngül və sipmtomsuz keçir. 20 faiz hallarda oksigen terapiyası, beş faiz hallarda isə ağciyərlərin süni terapiyası da tətbiq edilir.

Onun sözlərinə görə, tibb işçiləri işini adi rejimdə davam etdirəcəklər: “65 yaşdan yuxarı tibb işçiləri vəzifə borcunu yerinə yetirəcək. Xüsusi karantin rejimində 65 yaş tək və tənha insanlar üçün nəzərdə tutulub”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi barədə qərarına əsasən Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Qeyd olunub ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən xidmətlərin göstərilməsi təmin edilməlidir.