Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF

Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
15:14 18-03-2020 | icon 742

Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsil alanlara proqramların mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir.

Nazirlikdən verilən məlumata görə, “Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

· Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;

· Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

· Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

· Böyük həcmli materialların yerləşdirilməsi;

· Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

· Qiymətləndirmənin aparılması alətlərində istifadə;

· Qrup işinin təşkili.

“Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) artıq bu platformaya qoşularaq, təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir.

Eyni zamanda bildiririk ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq, elektron resursları məhdud olan ali təhsil müəssisələri bu imkanları olan digər ali təhsil müəssisələrinin resurslarından istifadə edə bilərlər.