Azərbaycan hökuməti koronavirusa qarşı səfərbər olunub 

Azərbaycan hökuməti koronavirusa qarşı səfərbər olunub 
09:28 17-03-2020 | icon 11636

Dünyanın gündəliyində dayanan koronavirus (COVID-19) pandemiyası bütün sahələrə sirayət etməkdədir. Hazırda koronavirusla bağlı müzakirələr bütün spektləri - tibb dünyasını, siyasəti, iqtisadiyyatı, medianı - əhatə edir. Azərbaycan da bu diskussiyalar zəncirinin həlqələrindən biridir.

Hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında bildirilir. Azərbaycanda koronavirusdan cəmi bir ölüm halı qeydə alınıb.

Koronavirus pandemiyası əhali arasında panikaya da səbəb olur. Belə həssas məqamlarda panikaya yol verməmək, maksimum dərəcədə soyuqqanlı davranmaq lazımdır, amma təhlükənin real və risklərin olduğunu da dərk etmək vacibdir.

Koronavirusun yaratdığı situasiya ilə bağlı ayrı-ayrı ölkələrdə ümumi mənzərə eynidir.

Bu gün dünyanın ən aparıcı ölkələrinin səhiyyələri belə COVID-19-un əsirinə çevriliblər. Böyük yeddiliyə daxil olan İtaliyada vəziyyət daha kritikdir.

Bununla belə, qabaqlayıcı tədbirlər davam etdirilir, nə hökumətlər, nə də cəmiyyətlər ruhdan düşür, əksinə, gələcəyə nikbin ümidlərlə baxmaq üçün əllərindən gələni edirlər.

Azərbaycan da öz növbəsində resurslarını işə salaraq, bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirir.

Daha da mürəkkəb situasiyalara hazır olmaq üçün isə Azərbaycanda daha da sərt tədbirlər tətbiq oluna bilər.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.

Belə ki, epidemiya əleyhinə sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcəklər.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunması nəzərdə tutulur. 

Layihədə bildirilir ki, rejimi pozan hüquqi şəxslər iki min manatdan beş min manata qədər cərimə ediləcəklər.

Layihənin Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Müvafiq rejimlərin pozulmasına görə cinayət məsuliyyətini özündə ehtiva edən məqamların da Cinayət Məcəlləsinə əlavə edilməsi gündəmdədir.

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda martın 14-dən etibarən tətbiq olunan xüsusi rejimin məzmununu açıqlayıb. Həmin qaydalardan çıxış edərək söyləmək olar ki, vətəndaşlar məhdudlaşdırıcı çağırışlara əməl etməli, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməməli, ictimai nəqliyyatdan istifadə, mağazalarda alış veriş edərkən daha etibarlı qorunmalıdırlar.

Həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir.

Nazirlər Kabineti əhalinin maarifləndirməsi istiqamətində də çevik və operativ davranır.

Operativ qərargah mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar verir.

Bununla belə, bəzi şəxslər yaranmış şəraitdən istifadə edərək şayiə yayırlar və ictimaiyyətdə süni ajiotaj yaradırlar.

Hüquq-mühafizə orqanları – Baş Prokurorluq və Daxili İşlər Nazirliyi cəmiyyətdə panika yaradılmasına xidmət edən şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb olunacağı, onlar barəsində ən sərt tədbir görüləcəyinə dair bəyanatla çıxış edib.

Əhali arasında yaranan digər panika isə ərzaqla bağlıdır. Halbuki Azərbaycanın ərzaq təhlükəsizliyi təmin olunub və ərzaq məhsulları ilı qıtlıq yaranması imkanları istisna edilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur

O bildirib ki, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.  

Göründüyü kimi, Azərbaycan bütün iqtisadi və tibbi gücünü koronavirus əleyhinə və onun yaratdığı mənzərənin qarşısının alınmasına yönəldib.