Məcburi köçkün yaşadığı mənzildən çıxarıldığını iddia edir

Məcburi köçkün yaşadığı mənzildən çıxarıldığını iddia edir
17:28 07-03-2020 | icon 953

Zəngilan rayonundan məcburi köçkün Sirac İsmayılov ailəsi ilə birgə yaşadıqları mənzildən çıxarıldığını iddia edir.

Zəngilan rayonundan məcburi köçkün Sirac İsmayılov müraciətində bildirib ki, 1993- cü ildə Zəngilan rayonundan məcburi köçkün düşüb:

“O vaxtdan paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları 10 ünvanında məskunlaşmışıq. 2011-ci ildə yaşadığımız yer Kamran Musayev tərəfindən özəlləşdirildi. O bizi məhkəməyə verdi. Ötən gün də məhkəmənin qərarıyla evdən çıxarıldıq. İndi evdən çıxarılmağımızla bağlı aidiyyatı üzrə müvafiq qurumlara məktub ünvanlamışıq” . 

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilib. Sorğumuza cavab olaraq bildirilib ki, Zəngilan rayonundan məcburi köçkün İsmayılov Sirac İsmayıl oğlu, ailə üzvləri ilə birlikdə Nərimanov rayonu Ak. H.Əliyev 99 ünvanında kommunal qeydiyyatındadır: “Onun həyat yoldaşı İsmayılova İradə Xudaverdi qızının adına Abşeron rayonu, Xırdalan şəhərində, qızı – İsmayılova Rübabə Sirac qızının adına isə Nərimanov rayonu Nemət Quliyev küçəsində yerləşən mənzilə aid çıxarış var. Bütün ailə üzvləri qeyd edilən mənzillərdə qeydiyyatdadır. Mənzillərin verilməsi qaydası Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun həyata keçirilir. Qaydalarda məcburi köçkünlərin yeni mənzillə təmin edilməsi və ondan məhrum edilməsi qaydaları ətraflı formada qeyd edilib. 65 saylı Qərarın 2.11-ci maddəsində göstərilir ki, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvləri köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir”.