Yasamal qəbiristanlığına tikinti və məişət tullantıları tökülür

Yasamal qəbiristanlığına tikinti və məişət tullantıları tökülür
18:12 04-03-2020 | icon 1377

Müqəddəs məkan saydığımız qəbiristanlığa maşın, maşın tikinti, məişət tullantıları daşıyıb tökmək nadanlıq deyilmi? Bəs Yasamal bələdiyyəsi hara baxır?

 

Hər birimiz Allah Taalanın bəxş etdiyi gödək ömür payını yaşayırıq. Təsəvvür edək ki, insan əli ilə əkilən çinar ağacı beş, altı əsir yaşayır. Dünyanın ən dəyərli əşrəfi sayılan insan isə 60-70 il yaşayır.

Son mənzil əbədidir, burada nə dəbdəbə var, nə təmtəraq, nə də vəzifə, səlahiyyəti! Bu məkanda uyuyan əzizlərimizin hamısı bərabərdir. İşıqlı dünyada ağlayan-ağladan, gülən-güldürən axirət dünyasında qonşudur. Baxırsan ki, dünyanı bəzəyən memar məzarlıqda sadə bir çobanın ayaqları altında yatır.

Bu səbəbdən də qəbiristanlıq müqəddəs sayılır, məzar yanından ötüb keçən hər kəs ayaq saxlayıb rəhmətə gedənlərə hörmət əlaməti olaraq Fatihə bağışlayır, onların ruhu qarşısında baş əyir.

Bir neçə gün əvvəl, yəni martın 2-də “Xəzər” televiziyası çox aktual bir mövzunu işıqlandıraraq televiziya izləyicilərinə təqdim etdi. Sən demə, Yasamal rayonunun bütün məişət, tikinti tullantıları iritonnajlı avtomaşınlarla daşınıb Yasamal rayonunun, Şərifzadə küçəsindəki 1 saylı Dağüstü qəbiristanlığına tökülürmüş.

Şərifzadə küçəsində adıçəkilən qəbiristanlığa yaxın ərazidə yaşadığımdan televiziyada sujetdə gördüklərimi

canlı görmək qərarına gəldim və qəbiristanlığa yollandım. Gözlərimə inanmadım. Buradakı acınacaqlı vəziyyət məni dəhşətə gətirdi. Qəbiristanlığa bəlkə də yüzlərlə avtomaşın tullantı boşaldılıb desək yanılmarıq, buna inanın mən mövcud mənzərəni seyr edərkən neçə-neçə avtomaşının tullantı apardığının da şahidi oldum. Məni bir sual dərindən düşünməyə vadar etdi. Fikirləşdim ki, görəsən Yasamal Bələdiyyəsi hara baxır, nə işlə məşğuldur, nəyə görə qarşısını almır? Bələdiyyənin yeganə vəzifəsi qəbir yerlərinin bölgüsünü aparmaqdan ibarətdirmi? Qəbiristanlığa yüzlərlə avtomaşın tullantı daşıyan tikinti təşkilatları görəsən düşünürlərmi ki, onların bu addımı ölülərə, onların doğmalarına və bütövlükdə insanlığa ən böyük hörmətsizlikdir?!

Qəbiristanlıqda olarkən 34 yaşında dünyasını dəyişən cavan bir oğlanın məzarının sinə daşında yazılan bu sözlər sözün əsl mənasında məni kövrəltdi, gözlərim yaşardı:

Nə baxırsan mənim kimi,

Mən də baxırdım sənin kimi,

Sən də baxacaqsan mənim kimi!

Bu 3 misranı oxuyuram, qəlbim kövrəlir və üzümü Yasamal bələdiyyəsinin rəsmilərinə tutub deyirəm:

İnsanlığa gəlin, zaman gələcək sizlər də baxacağınız onun kimi

Qəbiristanlıq tullantılardan təmizlənənə qədər bu mövzuya dəfələrlə qayıtmaq zərurəti qaçılmaz olacaq.

 

Ruslan Əhmədov