Ramiz Mehdiyevin Göyçaydakı villasını satışa çıxardığı deyilir

 30-04-2022

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev sahibi olduğu deyilən villalardan birini satışa çıxarıb. Bu barədə Meydan TV-yə Göyçaydakı mənbələrdən xəbər daxil olub.

Ramiz Mehdiyevin satmaq istədiyi mülk Göyçay rayonunun Hüngütlü kəndində yerləşir. Ərazı peykdən bu cür görünür.

Mənbənin Meydan TV-yə dediyinə görə, əslində villa iki il öncə satışa çıxarılmışdı. Həmin vaxt ona 2 milyon 300 min manat qiymət qoyulmuşdu. Amma o zaman heç kim o pulu vermək istəməmişdi. İndi isə həmin villa 1 milyon 800 min manata təklif edilir.

mehdiyev

Meydanın müxbiri Hüngütlü kəndində də olub, villanın vəziyyəti ilə maraqlanıb. Təxminən 10 hektar ərazidə yerləşən villanın 4 iri qapısı var. Bütün qapılar bağlıdır. Villanın yerləşdiyi ərazinin divarları bir neçə metr hündürlükdə mişar daşıyla tikilib. Sirli, mübhəm bir qalanı xatırladır. Əvvəllər divar başdan –başa üzlənibmiş.

“Bir neçə aydır ki, divarın bəzi yerlərində üzlüklər qopub düşür. Ya da oğurlanır. Burada əvvəllər müşahidə kameraları olub və işləyirdi. Amma indi o kameralar fəaliyyətsizdir. Gözətçi? O boyda villanın gözətçisinə ayda 130-150 manat pul verirdilər. Kimdi onu indi qarovul çəkən?“, – bunu Meydan TV əməkdaşına adını açıqlamaq istəməyən kənd sakini deyir.

Onun dediyinə görə, villanın yerləşdiyi əraziyə elektrik verilişi də dayandırılıb: “Bu transformatoru görürsüz? Eləcə, adı və özü var. İşləmir. Qapılarını isə deyilənə görə kürəkəni bağlayıb gedib”.

ramiz bagi1

Bir az əvvəl xəbər yayılıb ki, Hüngütlüdəki bu villanı və torpaq sahəsini də satmaq üçün Mehdiyevin kürəkəni İlham Əliyev Göyçaya gəlib. Onu 1 milyon 800 min manat təklifinə reaksiya verən olmayıb. Villa satılmayıb.

Hüngütlü özünün təbii gözəlliyi ilə seçilən kənd deyil. Adi Aran kəndidir və düzən ərazidə yerləşir. Buranın camaatı əsasən meyvə və tərəvəzçilik, əkinçilik, qismən də heyvandarlıqla məşğuldur.

Problem yaranacağından qorxub adının çəkilməsini istəməyən kənd sakini deyir ki, 2014-cü ildə villa burada tikiləndə çoxu heyrətlənmişdi. Axı niyə Hüngütlüdə? Sonradan məlum olmuşdu ki, villa o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun PA rəhbərinə hədiyyəsidir.

ramiz bagi

Sakinin dediyinə görə, Ramiz Mehdiyev indiyədək burada olmayıb. Amma pandemiya vaxtı Azərbaycan mətbuatı guya Ramiz Mehdiyevin təcrid olunaraq bu villaya qapılması barədə xəbərlər yaymışdılar.

Digər kənd sakinləri bu faktı nə təkzib, nə də təsdiq etdilər.

Onlardan heç biri villanın , daha doğrusu, hasarlanmış ərazidə nələrin olduğunu bilmir. Amma ərazidə qayığa bağlı tikilinin olduğu deyilir. Bunu peykdən çəkilmiş şəkildən də görmək mümkündür. Bir də ərazidə yüzlərlə dekorativ və meyvə ağaclarının olduğu məlumdur.

ramiz bagi2

Ev alqı-satqısı haqda məlumatlı mənbənin sözlərinə görə, rayonun Yeniarx kəndində Mehdiyevin kürəkəninə məxsus hektarla nar bağ olub. Həmin bac isə azərbaycanlı milyonçu, “Aznar”ın sahibi Fərhad Əhmədova satılıb. Elə adıgedən villa da Fərhad Əhmədova təklif edilib. Amma onun Göyçayın Yekəxana kəndində, eyni adlı gölün yaxınlığında villası olduğundan bu təkliflə razılaşmayıb.

ramiz bagi3

Göyçay rayon Potu bələdiyyəsinin sədri (Hüngütlü kəndi bu bələdiyyənin tabeliyindədir) Zamiq İbrahimov Meydan TV-yə açıqlamasında bildirib ki, həmin villanın yerləşdiyi ərazi əvvəllər Hüngütlü kənd sakinlərinin pay torpaqları olub. Sonradan isə həmin torpaqları sabiq nəqliyyat nazirinin adamlarına satıblar:

“Düzdür, orada heç kim yaşamır. Amma mən deyə bilmərəm o villa və ya bağ satılır, ya yox. Belə söhbət gəzir. Həm də biz o ərazinin yaxınına gedə bilmirik e”.

Bənzər yazılar

0.47506904602051