“Ekologiya postu” sökülür? - VİDEO

“Ekologiya postu” sökülür? - VİDEO
22:42 16-02-2020 | icon 186

Bakı-Sumqayıt yolu üzərindəki Baş Dövlət Yol Polisi İdarəsinin “Ekologiya postu” söküləcək. 

“Yeni Sabah” xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolağının genişləndirilməsi ilə əlaqədar ərazidə olan “Ekologiya postu” plana düşüb. Bu işlər çərçivəsində post söküləcək. Amma həmin ərazidə yeni post tikiləcək. 

Məlumata görə, müasir standartlara cavab verən post tam olaraq tikildikdən sonra köhnənin söküntüsünə başlanılacaq. Bu müddət ərzində yolun digər hissələrində işlər davam edəcək. Yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından “xarici dairəvi” yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol da tikiləcək. 

Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən “20 Yanvar"” dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər. 

Bakı-Sumqayıt yolu ilə yanaşı, günün pik saatlarında tıxacın yarandığı Xırdalan şəhərinin də əsas prospekti təmir edilir. 

“Xezerxeber.az”ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: 

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Ekoloji Nəzarət üzrə Yol-patrul Xidməti Bölüyünə məxsus binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.

BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev milletinsesi.info-a açıqlamasında deyib ki, Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq “Ekologiya postu”nun yeri dəyişdiriləcək:

“Postun bir hissəsi yolun təmir olunan hissəsinə düşdüyü üçün “Ekologiya postu”nun yerinin dəyişdirilməsi nəzərdə tutulur. Yeni postun dəqiq nə vaxt və nə qədər kənara çəkilməsi barədə tam məlumatım yoxdur”.

“Yeni “Ekologiya postu” daha müasir şəkildə inşa ediləcək və təzə avadanlıqlar quraşdırılacaq. Burada işlər mərhələli şəkildə aparılacaq. Yeni postun bir hissəsi tikilən zaman digər postdakı avadanlıqlar oraya köçürüləcək. Daha sonra isə köhnə “Ekologiya postu” söküləcək”, -deyə K.Əliyev bildirib.